İsmayıllı Dağlıq Şirvan iqtisadi-coğrafi zonasında yerləşir. Rayonun inzibati ərazisi 207372 ha torpaq sahəsini əhatə edir. 40552 ha torpaq sahəsi mülkiyyətə verilmiş əkinə yararlı torpaqlardır. Bunun 36035 hektarı hal-hazırda əkin altındadır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ötən il ərzində 32193 ha sahədə də üçün payız əkini aparılmışdır. Bunun da 28404 hektarında buğda, 3787 hektarında arpa əkinləridir. Payızlıq taxıl bitkilərindən 688911 ton məhsul istehsal edilmişdir. Bu il rayonda 37 ha sahədə dən üçün qarğıdalı, 207 ha sahədə yemlik paxla və 336 ha noxud, 260,9 ha sahədə lobya əkilmişdir. Ötən dövrdə 728 hektar tərəvəz, 744 hektar kartof əkilmişdir. Hal-hazırda rayonda iri buynuzlu mal-qara
51026 başdır ki, bunun da 23696 baş inək və camışlardır. Qoyun –keçilərin sayı 177445 baş, donuzların sayı isə 964 başdır. İri buynuzlu malın 2304 başı, qoyun-keçinin 7341 başı, donuzun isə 861 başı kənd təsərrüfatı müəssisələrinin, digər qismi isə sahibkar və ev təsərrüfatlarının payına düşür. Ötən dövr ərzində ət istehsalı 3126 ton, süd istehsalı 17907 ton, yun istehsalı 382 ton, yumurta istehsalı 5564 min ədəd olmuşdur. Vaxtilə rayonda quşçuluq fabriki kimi fəaliyyət göstərən müəssisə “Quşçuluq” ATC-i tərəfindən özəlləşdirilmiş, fabrikdə əsaslı rekonstruksiya işləri aparılmış və broyler quşçuluğun inkişaf etdirilməsi istiqamətində işlər görülmüşdür. Hal-hazırda cəmiyyətə 20 min başdan artıq quş saxlanılır, eyni zamanda fabrikin istehsal gücünün 90 min başa çatdırılması üçün işlər aparılır.
Rayonun iqlim şəraiti fermerlərə daha çox gəlir gətirən üzümçülüyün inkişafına imkan verir. Bu fəaliyyət növü İsmayıllı rayonu üçün xarakterikdir. Belə ki, 1980-cı illərdə 8000 hektar üzüm sahələrinə malik İsmayıllı rayonu 80000 ton üzüm istehsal edirdi. Sovetlər birliyinin süqutundan sonra üzümçülüyün inkişafı demək olar ki, dayanmışdı. Son illərdə İsmayıllıda üzümçülük sahəsi yenidən bərpa edilmişdir. Xüsusilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı-nın (2004-2008-ci illər) icrası ilə əlaqədar bu sahənin inkişafı da sürətlənmişdir. Hal-hazırda rayonda üzüm bağları 801 ha, o cümlədən bar verən bağlar isə 563 hektardır. Üzümçülük sahəsinin inkişafı ilə paralel olaraq rayonda şərabçılıq sahəsi də inkişaf etdirilir. Belə ki, vaxtilə Kürdmaşı kəndində fəaliyyət göstərən üzüm emalı zavodu “İsmayıllı Şərab-1” ASC-i tərəfindən özəlləşdirildikdən sonra zavodun fəaliyyəti bərpa olunmuş, şərab məhsulları istehsalına başlanılmışdır. Eləcə də, Hacıhətəmli kəndində “Şərab-2” ASC-nin şərab zavodu Beynəlxalq standartlar səviyyəsində avadanlıqlarla təmin olunaraq məhsul istehsala tam hazır vəziyyətə gətirilmişdir.