
Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.
1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustalarının yüksək sənətkarlıqla hasilə gətirdikləri odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silahlar da əl-əl gəzib. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu. XIX əsrin birinci yarısında Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunmuşdu. O dövrdə Lahıcda 100-dən artıq sənət növü – misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və sair peşələr inkişaf tapmışdı.
1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Lahıclılar əsasən misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq və digər peşələrlə məşğuldurlar. Bunları bütün dünyaya nümayiş etdirmək üçün göyləri lacivərd, havası saf, suları can dərmanı, küçələri izdihamlı dağ kəndi Lahıcda turizm mərkəzi yaradılması zəruridir. İndinin özündə də buraya az turist gəlmir. İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan və İspaniyadan respublikamıza təşrif buyuranlar əsasən Lahıcda dincəlmək istəyirlər. Lakin onlar qəsəbənin daş döşəməli küçələrinə nə qədər heyrətlənirlərsə, Lahıc yolunun vəziyyətinə bir o qədər təəssüflənirlər. Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin suayırıcındadır, hündürlüyü təqribən 1700 metrdir, dar və çətin keçiləndir.

Turizm mərkəzi açılandan sonra, təbii, qəsəbəyə qonaq-qara axını artacaq. Odur ki, yolu da təzələmək, qaydaya salmaq lazımdır. Ulu öndər Heydər Əliyev vaxtilə buna təşəbbüs göstərmiş, qərar da vermişdi. Sonra vəziyyət dəyişdi, SSRİ dağıldı, problem həllini tapmadı. İndi zamanı yetişib, Lahıcın adına layiq rahat və təhlükəsiz yol olmalıdır. Lahıcda Xınalıq yada düşür.
Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən bu kəndə gedən bərbad yol bu yaxınlarda Prezident İlham Əliyevin təşəbbüsü ilə düzəldilmişdir. Nəqliyyat Nazirliyində bildiriblər ki, Lahıc yolunun da layihə-smeta sənədləri tərtib olunub, onun da inşası tezliklə bərpa ediləcək. Regionlarda turizmi inkişaf etdirməkdən ötrü ilk növbədə yollar müasir tələblər səviyyəsinə çatdırılmalıdır. Buraya asfalt örtüyündən yol işarələrinədək hər şey daxildir. Yol turizmin qapısı, turist cəlb etməyin açarıdır. Yaxşı yol iqtisadiyyatı yüksəltməyə, sosial tərəqqiyə, abadlığa səbəb olur, keçdiyi yerləri get-gəlli edir.
İstər ulu öndər Heydər Əliyevin 2002-ci il avqustun 27-də təsdiqlədiyi turizmin inkişafına dair (2002-2005-ci illər) Dövlət Proqramında, istərsə də cənab Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bu problemin həlli də öz əksini tapıb. Artıq hər iki sənəddə turizm ilə bağlı müəyyən edilmiş tədbirlər əsasən yerinə yetirilib. İndi turizm sənayesinin gələcək inkişafına yönəldilmiş yeni konsepsiya hazırlanır.

Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının qərarı ilə yaradılmış xüsusi işçi qrupunun üzərində çalışdığı “2007-2016-cı illərdə Azərbaycanda turizmin inkişafı Proqramı”nda bütün bölgələrdə yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur. Dövlət əhəmiyyətli magistralları Dövlət büdcəsi hesabına, yerli əhəmiyyətli yolları bələdiyyələrin qüvvəsi ilə təzələmək planlaşdırılır. Dünya Bankı və Asiya İnkişaf Bankı da Azərbaycanda nəqliyyat şəbəkəsinin modernləşdirilməsinə maliyyə vəsaiti ayırıblar.
TRASECA çərçivəsində bərpa edilən 93 kilometr uzunluğunda Gəncə-Qazax magistralının Gəncə-Şəmkir hissəsi istismara buraxılma ərəfəsindədir, Şəmkir-Qazax hissəsi gələn ilin axırınadək hazır olacaq. Eyni zamanda Rusiya sərhədindən Bakıya qədər yol, habelə Ələt-Astara və Bakı-Şamaxı-Muğan yolu yenidən qurulacaq. Şəki, Qax, Zaqatala və Balakən rayonlarında kəndlərarası yollar təkmilləşdiriləcək. Ölkənin yol təsərrüfatının digər komponentlərinin reallaşmasına əlavə sərmayə qoyulacaq, 2015-ci ilə qədər yollarımız dünya standartlarına uyğunlaşdırılacaq.
Azərbaycanda turizmin inkişafı üçün bütün təbii-coğrafi, tarixi-mədəni, sosial imkanlar var. Respublikamız ecazkar təbiəti, mülayim iqlimi, qədim abidələri, mavi Xəzəri, irili-xırdalı çayları, yaşıl meşələri, sərin gölləri, uca dağları ilə gəl-gəl deyir.
Son məlumata görə, hər il 1 milyon 115 min nəfərdən çox xarici turist qəbul edirik, daxili turizm də nəzərə alınmaqla ildə 70 milyon dollar qazancımız olur. Qonaqlarımız yeddi turist marşrutu ilə Vətənimizin hər yerini gəzə bilərlər. Lakin onlar ekoloji cəhətdən təmiz ərazilərə, o cümlədən dağ və şimal rayonlarına üstünlük verirlər. İndi ən vacibi xidmət səviyyəsini yüksəltməklə, istirahətlərini xoş, səyahətlərini maraqlı etməklə ölkəyə turist axınını gücləndirməkdir. Bu isə yoldan başlanır. Rahat yol ilə gedən yorulmaz, bir də getmək istəyər – deyiblər.