Son illər Basqala uzaq yerlərdən gələn turistlərin sayı xeyli artmışdır. Girdiman çayının üzərindəki əzəmətli körpüdən keçib dağlara qalxanda nəzərini füsunkar mənzərədən ayıra bilmirsən. Dağların döşünə səpələnmiş kəndlər, boğaz göynədən dağ havası, bir-birinə arxa durmuş dağlar insanı ovsunlayır.
İri qocaman ağacların yarpaqları arasında süzülən günəş şüaları yolun asfalt sinəsinə elə bil narın və zərif tül döşəmişdir. Dərələrdən sübhün nəfəsi duyulur, meşənin rütubətli havası ağacların və yerə qısılmış kolların ətrinə qoşularaq ətrafa qəribə bir rayihə yayır.
Geridə buraxdığımız çılpaq düzənliklərin yovşanlı havasından sonra ciyərlərimiz sanki körük kimi qalxıb-enir. Hər tərəfdə meşəli dağlar baş-başa verib sanki bu yerlərdə təbiətin gözəlliyini nümayiş etdirmək üçün durmuşlar. Quşların civiltisi bir-birinə qarışıb. Harada isə bir bülbül səsi elə bil bütün yol boyu bizi müşayiət edir.
Həsənxan bağından “Ağ yola” burulanda yayın qorabişirən çağında belə hava birdən-birə dəyişir, Əmrəki meşəsinin sərin mehi qəlbini oxşayır. Meşəliklər seyrələ-seyrələ talalara qovuşur. Xalq sənətkarlarının ulu yaşayış məskəni Basqal görünür. Bu yerlərdə bahar səmasının maviliyi torpağın tər yaşıllığına qovuşaraq təsvirəsığmaz bir gözəllik yaradır.
Meşənin daha sıx, daha gövdəli və gündüşməz yerlərində ağacların yarpaqlarında şeh damlaları hələ də göz yaşları kimi tutqun-tutqun işıldayır. Eniş başlayır və çay yatağının üstündə salınmış körpü ilə yuxarı qalxmağa başlayırıq. Yastı, hamar daş döşənmiş çox da enli olmayan döngələrlə yuxarı, qəsəbənin mərkəzinə qalxırıq.
Bir növ Bakının İçərişəhərini xatırladan Basqalın səliqəli, təmiz küçələrinə heyranlıqla tamaşa etməmək mümkün deyildir. Geniş meydan qəsəbənin mərkəzidir. Bura əsrlər boyu Basqalın mədəniyyət və ticarət mərkəzi olmuşdur. İndi artıq çayın o tayına adlamış inzibati binalar da bazar meydanının ətrafında idi. İki məscid, XVI əsrin yadigarı olan hamam, qədim tikililər də bu meydanın ətrafındadır. Qoca, nəhəng bir çinar isə qollarını yuxarı məscidin üzərinə salıb. Çinarın aşağı gövdəsindəki koğuşun içərisində müxtəlif vaxtlarda çayxana, bərbərxana yerləşmişdir. Bazar meydanından Sayad dağına, Fit dağına və ətraf meşələrə gözəl bir mənzərə açılır.
Basqalda hər bir tikilinin sorağı qədim əsrlərdən gəlir. Qocaman çinarın isə yaşını bilən yoxdur. Bəzi qocaların dediyinə görə, o, beş yüz ildən artıqdır ki, şahin kimi qanadlarını açaraq kölgəsini geniş sahəyə salır. Diametri dörd metrdən artıqdır.
Basqalın küçələrini qədim tikililərini daha aydın seyr etmək üçün Dəmirçibazar küçəsi ilə geri qayıdır, körpüdən keçib nisbətən cavan olan qəbiristanlığın yanından ötürük. Təpədə “Mollanın yeri” adlanan qırmızımtıl yovşanlı bir tala var. Habil komanda yanıqlı bir nəğmə çalır. Musiqi təranəsi Basqal və basqallılar haqqında düşündüklərimizə heyrətli bir şəkildə qarışır.
Qənirsizliklər, təkrarsızlıqlar aləmi bizi öz ağuşuna alıb. Ana təbiətin özündə də bir gözəllik, bir şairənəlik, ahəngdar bir musiqi ovqatı duyuruq. Belə yurdun özü də min bir arzudur, min bir diləkdir. Dağların vüqarı, bulaqların zümzüməsi, düzlərin ənginsizliyi ecazkar musiqi təsirinə malik deyilmi?
Qarşıdakı zümrüd meşələrdəki yaşı bilinməyən, başı görünməyən ixtiyar palıd kölgəsində dincəlməyin, göylərə çatmaq arzusu ilə ömür sürən vələs ağacının seyrinə dalmağın, topalaşan uca, kövrək qovaqların, boylu çinarların yarpaqlarının pıçıltısını dinləməyin özü də musiqi deyilmi? Min bir rəngə çalan gül-çiçəyin xoş ətri, qoyun-quzunun mələşməsi, köhlən atın şahə qalxıb kişnəməsi, quşların cəh-cəh vurub min bir dildə ötməsi xoş musiqi sədaları deyilmi?
Basqal nənələrimizin uzun qış gecələrində danışdıqları xəyali şəhərlərə bənzəyir. Ətəklərdə qəsəbəni o tay, bu taya ayıran, gümüş kəmərə bənzəyən çay dərələrə hay-haray salır, daşların arasında durulur, göz yaşı kimi şəffaflanır və uzaqlarda gözdən itir. Çayın sağ və sol kənarlarındakı gövdəli ağacların həzin melodiyası, suların zümzüməsinə qarışır.
Sanki üst-üstə minmiş evlərin ağ-qırmızı dəmir dam örtükləri, məscid minarələri göy qübbəsindəki günəşin parıltısı altında bərq vurur.