Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon İcra Hakimiyyətində iqtisadi və sosial məsələlərin həllinə həsr olunmuş müşavirə keçirilmişdir

23 yanvar 2016 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyəti yaranmış iqtisadi böhran nəticəsində süni qiymət artımının qarşısını almaq, manatın qiymətdən düşməsi nəticəsində ortaya çıxan iqtisadi və sosial problemlərin həlli üçün ardıcıl, sistemli və mövcud maliyyə mühitinə uyğun tədbirlər həyata keçirir. Rayon İcra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevin sədrliyi ilə istehlak bazarına nəzarət komissiyası yaradılmışdır. Hər bir inzibati ərazi dairəsində də eyni adlı və məqsədli ictimai komissiyalar fəaliyyət göstərir. Komissiya vasitəsi və bilavasitə özünün iştirakı ilə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov prosesləri nəzarətdə saxlayır, hansısa işbazın qiymətləri süni yolla artırmasına, hər hansı bir sahədə narazılıq yaranmasına yol vermir. İstehlakçıların hüquqları aid təşkilatların fəal iştirakı ilə qorunur.
Rayon İcra hakimiyyəti qiymətlərin tənzimlənməsində, böhranlı vəziyyətdən çıxmaqda, istehlak bazarında qayda yaradılmasında inzibati yolla getmir, iqtisadi tədbirlərə, istehsalın artımının təşkilinə, maarifləndirmə işinin aparılmasına daha çox üstünlük verir.
23 yanvar 2016-cı il tarixdə RİH-də “18 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirə və rayonun iqtisadiyyat, maliyyə qurumları, icra strukturları, yerli özünüidarəetmə təşkilatları qarşısında duran vəzifələr” mövzusunda keçirilən geniş tərkibli müşavirə də məhz bu məqsədə xidmət edirdi.
Müşavirədə inzibati ərazi dairələri üzrə icra nümayəndələri, onların müavinləri və mühasibləri, bələdiyyə sədrləri, iş adamları və sahibkarlar, istehlak bazarında daha çox iştirakı olan fiziki şəxslər, fermerlər, aqrar sahədə çalışan sahibkarlar, kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər.
Müşavirəni açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd etdi ki, dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin 4 dəfədən çox aşağı düşməsi ölkəmizdə də problemlər yaratmış, gəlir bir neçə milyard azalmışdır. Belə şəraitdə rayonlar əsla gözləmə mövqeyində qalmamalı, inzibati tədbirlərə arxalanmamalı, istehsalın artımına, xüsusilə kənd təsərrüfatının, sənayenin və turizmin inkişafına, yeni emal və istehsal sahələrinin yaradılmasına xüsusi diqqət yetirməli, yeni düşüncə tərzinə əsaslanan tədbirlər həyata keçirməlidir.
Təəssüf ki, bu istiqamətdə yerlərdən optimal təkliflər alınmır. Mövcud sahələrdə xalis gəlirin artırılması üçün iqtisadi və maliyyə imkanları işə salınmır. Ciddi nöqsan hesab edilməlidir ki, uzun müddət  aztəminatlı ailələr üçün istehsal sahələri yaratmaq əvəzinə onlar ünvanlı sosial  yardıma yönəldilmişlər. Hüquqi maarifləndirmə işi aparılmadığından  torpaq sahibləri birləşərək kooperativlər, digər  formalı ictimai təsərrüfatlar yartmaq əvəzinə torpaqları  satıblar. Təyinatı dəyişmədən həmin sahələrdə evlər tikilib.
Bir neçə  ildir ki, rayon icra hakimiyyəti kəndli-fermer təsərrüfatlarının, ümumilikdə kənd təsərrüfatının inkişafına  elmi əsaslarla yanaşılır. Müasir və yeni aqrar istehsal müəssisələrinin yaradılmasına diqqət göstərir. Bunun nəticəsidir  ki, 2015-ci ildə rayonda 103 min ton taxıl istehsal olunmuşdur. Vaxtilə bircə istixanası olmayan rayonda indi 54 istixana vardır. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə saxlanılan İvanovkadakı N.Nikitin adına kolxozun  fəaliyyəti üçün hüquqi əsas yaradılıb. Burada  geriliyə son qoyulur. Günəbaxan yağı, süd məhsulları istehsal və emal edən zavodlar, aqropark yaradılması üçün layihələr işlənir. Elmi əsaslara söykənən toxumçuluq təsərrüfatı təkmilləşir.
Mirdaməd Sadıqov daha sonra qeyd etdi ki,  bir sıra bələdiyyələr vergi yığımına və torpaqlardan qanuni istifadə olunmasına diqqətlə yanaşmır, vergi siyasətinin tam həyata keçirilməsi, zəbt olunmuş torpaqların və bələdiyyələrin mülkiyyətinə keçirilməsinə dair konkret tədbirlər görmürlər. İndi bütün resurslar, imkanlar ona yönəlməlidir ki, hər bir sahədə pul gəliri artsın, büdcənin tərtibində rayonun payı çox olsun. İstiqaməti ona götürməliyik ki, 2018-ci ildən başlayaraq büdcə rayonumuzun gəlirləri hesabına tərtib olunsun, dotasiyadan asılılıq azalsın
Müşavirəninin qərarı olaraq rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev rayonda sənayenin, aqrar sahənin, turizmin inkişafı ilə əlaqədar yeni yaradılacaq sahələr üzrə təkliflər verdi.
Qərara alındı ki, yaradılması nəzərdə tutulan sahələr üzrə təkliflərin reallaşması üçün ilkin layihələr yerlərdə hazırlanmalı, kreditləşmə, maarifləndirmə və digər tədbirləri icra hakimiyyətinin aid şöbələri icra etməlidir.

Keçidlər