Şriftin ölçüsü :

Saytın rəngi :

Nikolay Nikitin - 90

04 may 2016 | 16:00
4 may 2016-cı il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mədəniyyət Mərkəzində Sosialist Əməyi Qəhrəmanı Nikolay Vasilyeviç Nikitinin anadan olmasının 90 illiyi ilə bağlı xatirə gecəsi keçirilib. N.Nikitin İvanovka kəndindəki təsərrüfata 43 il rəhbərlik edib. İvanovka o kənddir ki, 180 illiyi 2017-ci ildə tamam olacaq və rusların (malakanların) kompakt yaşadığı, abad, bütün kommunikasiyaları müasir səviyyədə qurulmuş, əməksevərlik mühiti yaradan bir kənddir.
N.Nikitin fəaliyyəti dövründə İvanovkaya əkinçilik-təsərrüfatçılıq mədəniyyəti, işə məsuliyyətli yanaşma, əməksevərlik gətirib. Kənd təsərrüfatı istehsalı və emalı sahəsində böyük təcrübə qazanıb. Ümummilli liderimiz Heydər Əliyev bu təcrübə əsasında 1981-ci il iyul ayının 24-də heyvandarlığın və yemçiliyin inkişafı ilə bağlı Respublika seminarı keçirib. Bütün rayonların rəhbərləri, icrakom sədrləri və kənd təsərrüfatı idarələri rəislərinin, Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşlarının iştirak etdiyi seminar vasitəsilə o zamankı kolxozun təcrübəsi hər bir təsərrüfatda tətbiq olunmağa başlayıb. Ulu öndərin hərtərəfli dəstəyi və qayğısı ilə Nikitin İvanovka boyda bir əmək abidəsini qurdu, sonra dünyasını dəyişdi.
Ümummilli liderimizin xeyir-duası ilə ölkədə yeganə olaraq İvanovkada idarəetmənin kolxoz forması saxlanılıb.
 Cənab Prezident malakan icması nümayəndələri ilə görüşündə demişdi ki, kolxoz tarixdir, tarixi qorumaq lazımdır.
  İndi kolxozun fəaliyyəti üçün rayon icra hakimiyyətinin rəhbərliyi ilə hüquqi əsas yaradılıb. Təsərrüfat artıq  hüquqi şəxs kimi fəaliyyət göstərir.
   Yaxşı haldır ki, Prezident İlham Əliyevin insana qayğı göstərmək,xalqa xidmət etmək tapşırığı Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən rayonun bütün idarə, müəssisə və təşkilatları  ilə birgə məsuliyyətlə həyata keçirilir.
  Nikolay Nikitinin 90 illiyinin rayon miqyasında, Millət vəkillərinin, çoxsaylı qonaqların, İvanovkanın nümayəndələrinin, geniş ictimaiyyətin iştirakı ilə yüksək səviyyədə keçirilməsi məhz bu məsuliyyətdən irəli gələn tədbirlərin növbətçisidir.
  Xatirə gecəsi Nikolay Vasilyeviçin həyat və fəaliyyətini əks etdirən filmlə başladı. Ümummilli liderin İvanovkaya səfərindən fraqmentlər də filmdə əksini tapmışdı.
 N.Nikitin adına kolxozun müşahidə şurasının sədri İvan Prokofyev Nikitinin həyat və fəaliyyəti barədə danışdı.Yekunda bildirdi ki, rayonda yaranmış ənənəyə sadiq qalaraq ən yaxşı oxuyan ivanovkalı tələbə üçün Nikolay Nikitin adına təqaüd təsis etmişik. Təqaüdü Bakı Dövlət Universiteti tarix fakültəsinin III kurs tələbəsi Şəhla Vəliyevaya təqdim edirəm.
  Tələbə də öz növbəsində minnətdarlığını bildirdi, yaxşı mütəxəssis kimi yetişib, kəndə qayıdacağını dedi.
  İvanovkanın bütün tədbirlərinin fəal iştirakçısı, Millət Vəkili Novruz Aslanov, İsmayıllı rayonunda hakim işləyərkən Nikitinlə işgüzar  və səmimi münasibətlərdə olmuş Millət Vəkili Tahir Kərimli çıxış etdilər. Bugünkü İvanovkanın formalaşmasında xüsusi xidmətləri olmuş keçmiş sədrin nümunə olacaq keyfiyyətlərindən danışdılar.
  Millət Vəkili Mixail Zabelin qeyd etdi ki, Mərkəzi Komitədə işləyərkən Şirvan zonası üzrə kurator olub. Nikolay Vasilyeviçlə çox görüşüb, onun təcrübəsi, iş üsulları, idarəetmə metodları ilə yaxından  tanış olub. Onu Əsil Heydər Əliyevçi kimi tanıyıb. Səmimi qardaşlıq şəraitində İvanovkanın bu səviyyəyə  çatmasına görə Zabelin Azərbaycan xalqına təşəkkürünü çatdırıb. İsmayıllını əsil multikultural və qardaşlıq münasibətlərinin formalaşdığı məkan adlandırıb.
    İsmayıllı Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımova Nikitinin idarəetmə və təsərrüfatçılıq təcrübəsinin, İvanovkadakı çoxistiqamətli mədəniyyətin, torpağa və əməyə münasibətin nəsillərə nümunə olduğunu deyib.
 Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Nikolay Nikitin və İvanovkanın keçmişi-bugünü barədə geniş çıxış edərək bildirib ki, xalq, dövlət və eli-obası, Azərbaycan elmi, ədəbiyyatı qarşısında böyük xidmətləri olan, əmək və döyüş cəbhələrində qəhrəmanlıq göstərən insanların yubileylərinin, xatirə gecələrinin, anım günlərinin keçirilməsi rayonda çox gərəkli bir ənənə halını alıb. Bu gün biz Nikolay Vasilyeviçə, əmək qəhrəmanına hörmət və ehtiram olaraq onun xatirə gecəsinə toplaşmışıq. Bir neçə gün bundan əvvəl ləzgi millətindən olan Rza İsmayılovun 80 illiyini keçirdik. Belə tədbirlərlə həm insanlara  xidmətlərinə görə dəyər vermiş olur, həm də multikulturalizm ilinin tələblərini yerinə yetirirk.
Xatirə gecəsində Rövşən Teyyubovun, Sahibə Abdullayevanın və Rima Babayevanın vətənpərvərlik mövzusunda mahnıları dinlənilib. İvanovkanın folklor xor qrupu mahnılar ifa edib. Şəhər 1 saylı tam orta məktəbinin şagirdi Suğra Ağamalıyeva Məmməd Arazın yaxşı adamlara həsr olunmuş şeirini rus dilində ifa edib.
 
 
 
 
 
 
 
 
 
Keçidlər