Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda qış mövsümünə hazırlıq üzrə rayon qərargahı ilə fövqəladə hallar komissiyasının birgə yığıncağı keçirilib.

26 oktyabr 2016 | 16:00

İsmayıllı rayon icra hakimiyyəti Heydər Əliyev Mərkəzinin konfrans zalında rayon fövqəladə hallar komissiyası ilə qış mövsümünə hazırlıq üzrə rayon qərargahının geniş tərkibdə birgə yığıncağını keçirib.
Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, aramsız yağan, bəzən də leysan xarakteri daşıyan yağışlar bir sıra fəsadlar törədib. İstisu, Sədiyan və Sərsurə kəndlərində torpaq sürüşməsi baş verib. Sərsurədə 8 evin köçürülməsi qərara alınıb. İstisuda sürüşmə davam edərsə, 10 ev üçün təhlükə yarana bilər. Bunun üçün də müvafiq tədbirlər müəyyənləşdirilib.
Əhən kəndi ətrafından gələn Cəfələ çayındakı sel elektrik dirəklərini aparıb. Bir müddət bir neçə dağ kəndi işıqsız qalıb. Basqal-Sulut yolunun bir hissəsi sel nəticəsində dağılıb. Digər ziyanları sadalamadan onu qeyd etmək istərdim ki, vaxtilə meşələrdə qanunsuz qırıntılar aparılıb, bərpa işləri isə unudulub. Nəticələr də torpaq sürüşməsi formasında indi özünü göstərir.
Rayon icra hakimiyyəti vəziyyəti ciddi nəzarətdə saxlayır, fövqəladə hallar  komissiyası hər bir hadisə ilə əlaqədar bilavasitə yerdə olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Komissiyası ilə birgə prosesi nəzərdən keçirir, tədbirlər müəyyənləşdirir, lazımi köməkliklər göstərir.
Yığıncaqda ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakını nəzərə alaraq qeyd etmək istərdim ki, hər bir sakin, hər bir idarə, müəssisə və təşkilat rəhbəri, məktəb direktoru baş verə biləcək təbiət hadisələrinə hazır olmalı, vətəndaşlar evlərini sığortalamalıdırlar.
RİH-nin başçısı Mirdaməd Sadıqov qış mövsümünə hazırlıqla əlaqədar qeyd edib ki, rayon elektrik şəbəkəsi, qaz istismarı sahəsi, kommunal müəssisələri kombinatı,       9 saylı yol istismarı MMC qışa hazırlıqla əlaqədar daha səmərəli tədbirlər görürlər. Rayon təhsil şöbəsinin məktəblərlə birgə, su-kanal idarəsinin, ümumilikdə İsmayıllı şəhər təsərrüfatının qışa hazırlığını məqbul hesab etmək olmaz. Xeyli müddətdir ki, bir neçə məktəbin qaz sayğacı təmirə göndərilib, hələ də geri qaytarılmayıb. Bir neçə məktəbə qaz çəkilişi barədə aid strukturlara müraciət edilib, lakin cavab alınmayıb. Məktəblərin isitmə sistemlərində işlətmək üçün hələ də yanacaq gətirilməyib. Şəhərin bir neçə küçəsinin cari təmirə -çınqıl örtüyə ehtiyacı var.
Mövcud vəziyyət bir daha nəzərdən keçirilməli, nəticələr təhlil olunmalı və çox qısa müddətdə tədbir görülməlidir.
İclasda daha sonra RİH başçısının müavini Mahmud Süleymanovun, şəhər İƏD üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun, rayon təhsil şöbəsinin müdiri Rasim Orucovun hesabatları dinlənilib.
Su-Kanal idarəsinin, suvarma sistemləri idarəsinin, rayon təhsil şöbəsinin, Təhsil Nazirliyinin 3 saylı regional maliyyə və hesablaşma mərkəzinin, şəhər İƏD üzrə icra nümayəndəliyinin rəhbərlərinə qışa hazırlıqda dönüş yaratmaq barədə ciddi tapşırıqlar verilib.
Ağsaqqalların və ictimaiyyət nümayəndələrinin təklif və məsləhətləri diqqətlə qəbul edilib.

 

Keçidlər