Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonu ümumtəhsil məktəbləri əlaçı şagirdlərinin I rayon Forumu keçirilib

02 fevral 2017 | 16:00

Dəyərli ənənələri olan İsmayıllı təhsili nailiyyətlərini ardıcıl olaraq artırır. Təkcə 2016-cı ilin qəbul rəqəmləri deyilən fikri sübut edir. Test imtahanlarından uğurla keçən 300 nəfərdən çox məzun universitetlərə qəbul olunub. Onlardan 28 nəfər 600-dən yuxarı bal toplayıb. Şəhər 5 saylı tam orta məktəbin məzunu Ağalətif Lətifov 700 bal zirvəsinə çatıb. Qəbul imtahanlarında yüksək nəticələr qazanan yeni tələbələrin şəninə hər il “Təhsil bayramı” keçirilir. Rayonun 22 məktəbi “Ən yaxşı məktəb” müsabiqəsinin qalibdir, “Ən yaxşı müəllim” müsabiqəsində bu şərəfli ada çatanlar 26 nəfərdir. 12 nəfər əməkdar müəllim həyat  yollarında şagirdlərə bələdçilik edir.
İsmayıllıda son illərin ən yüksək nailiyyəti olan Dövlət Humanitar və Texnologiya Kolleci və müasirliyi ilə seçilən, gənclərin maraq dairəsində olan  Peşə Tədris Mərkəzi fəaliyyət göstərir. Bütün bunlar və çoxsaylı yeni məktəb binaları imkan verir ki, təlimin təşkili yüksək nəticələr versin.
         Bu nəticələri artırmaq və şagirdləri müstəqil həyata hərtərəfli hazırlamaq məqsədilə 2 fevral 2017-ci il tarixdə İsmayıllı rayon icra hakimiyyətinin təşəbbüsü,  rayon təhsil şöbəsi ilə rayon gənclər və idman idarəsinin təşkilatçılığı əsasında “Azərbaycan gəncləri günü” çərçivəsində əlaçı şagirdlərin birinci rayon forumu keçirilib. Forumun devizi belə olub: “Təhsil əlaçılığından həyat əlaçılığına” Foruma 2025 nəfər əlaçı şagirdi təmsil edən 200 nəfər yuxarı siniflərin əlaçıları dəvət olunub.
Tədbir başlamazdan əvvəl bir qrup gənc ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Forumun keçirildiyi Mədəniyyət mərkəzinin foyesində təhsil, idman və yaradıcılıq sahələrində, intelektual oyunlarda, bilik yarışlarında qazanılan nailiyyətlərin əksi olan sərgiyə baxış keçirilib.
Forumun başlanğıcında əlaçılıq, ona çatmaq yollarında müəllim əməyinin səmərəli təşkilindən, təhsil əlaçılığının həyat əlaçılığına keçid imkanlarından rayon təhsil şöbəsinin müdiri Rasim Orucov ətraflı danışıb.
Rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Şəhla Qafarovanın çıxışı 2 fevral- Azərbaycan gəncləri gününə həsr olunub. Dövlət gənclər siyasətinin uğurla həyata keçməsi barədə danışan baş məsləhətçi gəncləri bayram münasibətilə təbrik edib.
Bir neçə nəfər əlaçı şagird, şimal zonasına keçirilən tur-aksiya zamanı 60 komanda arasında keçirilən bilik yarışında birinci yer tutan İsmayıllı komandasının üzvü Murad Ağazadə, “Kiçik akademiya” üzvləri təhsil əlaçısı olmaq yollarından maraqla danışıblar.
Peşə Tədris mərkəzinin direktoru Zaur Muradov bu tipli məktəblərə əlaçı şagirdlərin marağının artmasından, həyatda öz  layiq olduğu  yerini tutmaqda gənclərin peşə hazırlığının əhəmiyyətindən bəhs edib.
        Ali təhsilin  təcrübəli rəhbər işçisi, tanınmış alim, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun çıxışı Forum iştirakçıları tərəfindən çox maraqla qarşılanıb. O, əvvəlcə Azərbaycan gəncləri günü münasibətilə iştirakçıları təbrik edib, sonra isə məktəb illərindən  başlamış professorluğa qədərki keçdiyi yol təcrübəsindən danışıb. Əlaçılıq hərakatının əsil vətəndaş kimi yetişməkdə misilsiz əhəmiyyət daşıdığını  qeyd edib.Davamlı təhsil də əlaçılara uğurlar arzulayıb.
Rayon təhsil şöbəsi ilə rayon gənclər və idman  idarəsi nəzdində daimi fəaliyət göstərəcək Əlaçılar şurası yaradılıb. Forum iştirakçıları Respublika məktəblilərinə müraciət qəbul ediblər.

Keçidlər