Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş “Şahin” hərbi idman oyunları üzrə rayon birinciliyi keçirilib

05 aprel 2018 | 16:00

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olan soydaşlarımızın xatirəsinə həsr olunmuş “Şahin” hərbi idman oyunları üzrə 18 komandanın iştirakı ilə rayon birinciliyi keçirilib.
Tədbiri gənclər və idman idarəsinin rəisi Taleh Salehov açaraq qeyd edib ki, Aprel döyüşlərində şəhid olan, yaralanan, iştirak edən əsgər və zabitlərimiz Böyük Qələbəyə gedən yolu açıblar. Azərbaycan ordusunun qüdrətini, torpaqlarımızı azad etmək iqtidarında olduğunu nümayiş etdiriblər. Dövlətimiz tərəfindən şəhidlər daim anılır, ailələrinə qayğı göstərilir, Qazilərin müalicəsi üçün hər şeyi edilir.
Rayonumuzun Maçaxı kəndinin yetirməsi, cəsurluğu ilə hərbi xidmətdə seçilən Mikayıl Vahabzadə də Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Bu günkü tədbirimizdə şəhidin atası Yaqub Vahabov da iştirak edir. Şəhidlərin ruhu və onları yetirən valideyinlər qarşısında baş əyirik.
Giriş nitqindən sonra Azərbaycanın Dövlət Himni səslənib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov, Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin rəisi Xamis Bədəlov, təhsil şöbəsinin müdiri Rasim Orucov, rayon veteranlar şurasının sədri Əlaləm Babayev, şəhid Mikayıl Vahabzadəyə həsr olunmuş kitabın müəllifi Lətifə  Əliyeva, Aprel döyüşlərində ağır yaralanmış və dövlət qayğısı ilə sağlamlığı bərpa olunan  Yaşar Ağayev çıxış ediblər. Çıxışlarda vətənpərvərliyə, qələbəyə, orduya hərtərəfli yardımçı olmağa, Qələbəyə çağırışlar səslənib, şəhidlərə rəhmət deyilib.
Profili və məzmunundan asılı olmayaraq rayonda keçirilən bütün tədbirlərin fəal iştirakçısı olan QMƏVŞA İB-yi rayon filialının sədri Vidadi Zərbiyev, İsmayıllı Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik leytenant İlkin Cəfərov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov tədbirdə iştirak ediblər. Yarışın başlanmasına start verilib.
Bir neçə saatdan sonra qaliblər müəyyənləşdirilib. Şəhər 3 saylı məktəb-lisey birinci, Diyallı kənd tam orta məktəbi ikinci və Talıstan kənd tam orta məktəbi üçüncü yeri tutub.
“Şahin” hərbi idman oyunları rayon turunun qalibi olan komanda Şamaxı şəhərində keçiriləcək zona yarışında iştirak etmək hüququ qazanıb.
Qaliblərə rayon gənclər və idman idarəsinin, həmkarlar ittifaq rayon komitəsinin hədiyyələri verilib.

Keçidlər