Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhər 3 saylı məktəbin əhatəsində olan məhəlləsində görüş-qəbul

24 aprel 2018 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov fəaliyyətinin, həyata keçiriləcək layihələrinin əsasında bir qayda olaraq əhalinin maraqlarını, təkliflərini, məsləhətlərini görür. Bunun üçün də müntəzəm görüş-qəbullar keçirir. Növbəti belə bir tədbir şəhər 3 saylı məktəb-liseyin əhatəsində olan məhəllədə keçirilib.
RİH-nin başçısı Mirdaməd Sadıqov görüş-qəbulu giriş nitqi ilə açaraq, ictimai fəallıqlarına, rayonun inkişafında pozitiv mövqe tutduqlarına görə iştirakçılara təşəkkürünü bildirib. Sonra rayonun cari və perspektiv inkişafından, cənab Prezident İlham Əliyevin hərtərəfli dəstəyi ilə İsmayıllıda yeni layihələrin həyata keçiriləcəyindən, sosial-həyatın tamamilə yeniləşəcəyindən, kənd təsərrüfatının rayon üçün daha gəlirli, daha məhsuldar sahə olacağından danışıb.
Ağsaqqal ziyalı Natiq Salmanov məktəbin ən yüksək standartlara uyğun təmirinə, təhsilin inkişafına, İsmayıllının yüksəlişinə görə cənab Prezidentə minnətdarlığını bildirib, rayon icra hakimiyyətinin rəhbərliyinə rayonda yaratdığı səmimi, işgüzar mühitə görə təşəkkür edib. Onu da deyib ki, hər bir sakin görülən işlərə obyektiv qiymət verməli, yaradılanları, tikilib-qurulanları qorumalıdır. Bəzən belə olmur. N.Salmanov onu da nümunə gətirib ki, kommunikasiya xətləri ilə əlaqədar  Ü.Hacıbəyov küçəsinin asfalt örtüyü 4 yerdən qazılıb, lakin əvvəlki vəziyyət bərpa edilməyib.
Su kanalizasiya şəbəkəsinin normal işləməsi, qaz yanacağı verilişinin artırılması və məktəbə gedən Natiq Behdiyev küçəsinin işıqlandırılmasına köməklik göstərilməsi ilə əlaqədar da xahişlər olub.
İki nəfər ixtisasına uyğun işlə təmin olunmaq barədə müraciət edib.
Şəhər İƏD üzrə nümayəndə, İsmayıllı bələdiyəsinin sədri, rayon məşğulluq mərkəzinin direktoru və digər xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi görüş-qəbulda qaldırılan məsələlərlə əlaqədar müvafiq tapşırıqlar verilib.
Görüş-qəbul sona yaxınlaşanda məktəb-liseyin “Şahin” hərbi oyun komandası şad xəbəri Mirdaməd müəllimə çatdırmaq üçün salona gəlib. Komanda “Şahin” hərbi idman oyunları üzrə Şamaxı şəhərində keçirilən zona yarışında birinci yer tutub, Respublika turunda iştirak etmək hüququ qazanıb. RİH-nin başçısı qalib şagirdləri iştirakçıların alqışlarının müşayiəti ilə təbrik edib, onlara yeni uğurlar arzulayıb.

Keçidlər