Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni, müasir turizm istirahət mərkəzi – “Orman”

09 may 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il  avqust ayının 20-də İsmayıllıya səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə deyib: “Nəzərə alsaq ki, İsmayıllının çox gözəl təbiəti, tarixi var, rayonda Lahıc, Basqal kimi iki qədim kənd var, əlbəttə ki, burada turizm potensialının maksimum dərəcədə cəlb edilməsi gərək hamımızın işi olsun”.
İsmayıllı rayon icra hakimiyyətinin rəhbərliyi bütün istiqamətlər üzrə verilən tapşırıqları məsuliyyətlə icra etdiyi kimi turizmin inkişafına, turizm obyektlərinin tikilməsinə də xüsusi diqqətlə yanaşır, sahibkarlığın bu sahəsi üçün hər cür şərait yaradır. Nəticələrdən biri barədə məlumat oxucuların diqqətinə çatdırılır.
İsmayıllı şəhərinin yaxınlığında, İsmayıllı-Qəbələ yolunun sağ tərəfində yerləşən “Orman” adlı turizm istirahət mərkəzi bu günlərədək restoran biznesi əsasında fəaliyyət göstərirdi. Turistlərin gecələməsi üçün də münasib yer yox idi. Fiziki şəxs Famil Bağıyev tərəfindən bu boşluğu dolduran yeni layihə həyata keçirilib. 700 min manat investisiya qoyuluşu ilə “Orman” bir neçə istiqamət üzrə turizmin müasir tələbləri baxımından yenidən qurulub. Ailəvi istirahət, uşaq oyunları, böyüklərin məşğuliyyəti, müsafirlərin gecələməsi üçün hər cür şərait yaradılıb. 25 nəfər burada işlə təmin olunub. Bütün obyektlər işə düşdükdən sonra işçilərin sayı 40 nəfərə çatacaq.  Ekoturizmin və dağ turizminin təşkili üçün burada daha cəlbedici şərait yaradılır.
Yeni turizm – istirahət mərkəzinin açılışı olub. Tədbirdə müxtəlif turizm şirkətinin, rayon turizm – informasiya mərkəzinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yeni müəssisələrə və sahibkara  xeyir-dua verib. Fəal investor olduğuna, rayonda turizmin inkişafına dəstək verdiyinə görə Famil Bağıyevə təşəkkür edib. Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Elnur Hüseynov çıxış edib, yeni turizm obyektinə uğurlar arzulayıb. Mədəniyyət mərkəzinin əməkdaşları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Yeni layihə iştirakçılar tərəfindən razılıqla qarşılanıb.

Keçidlər