Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi bayram edilib

25 iyun 2018 | 16:00

Bir çox dövlət və peşə bayramlarımız, tarixi günlərimiz öz başlanğıcını Azərbaycan Demokratik Cümhuriyyətindən götürür. Silahlı Qüvvələrin 100 illiyi də iyunun 26-da Cümhuriyyət ilində tamamlanır. Bu münasibətlə “Orman” istirahət mərkəzində İsmayıllı rayon icra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, Demokratik Cümhuriyyət yarandıqdan bir ay sonra silahlı Qüvvələr yaradılmış, Azərbaycan işğaldan, xarici müdaxilələrdən, düşmən qüvvələrdən müdafiə olunmağa başlanmışdı. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra da 70 illik bir müddətdə milli ordu, milli silahlı qüvvələr unuduldu, düşüncələrdən silindi. Yenidən tarixi düşmənlərimiz olan ermənilər işğal xülyasına düşdüyü bir zamanda da ordusuz idik. Yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən ölkəyə rəhbər gəldikdən sonra ordu quruculuğuna başlandı. İndi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu NATO standartları, işğalçıya layiqli cavab vermək səviyyəsindədir. Azərbaycan təkmil, güclü, ən müasir silahlarla  arsenalını zənginləşdirmiş orduya malikdir.
İcra hakimiyyəti başçısının nitqindən sonra Dövlət Himni səsləndirilib və oxunub.
Tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanov ordumuzun keçdiyi tarixi yol və müasir durumu, ordu-xalq birliyi barədə məruzə edib.
Şəhər 6 saylı tam orta məktəbin hərbi idman oyunlarında həmişə fərqlənən, hərbi vərdişlərə uğurla yiyələnən şagirdləri iştirakçıları təbrik ediblər. ŞHXÇDX İsmayıllı rayon şöbəsinin rəisi Xamis Bədəlov, Aprel döyüşləri qazisi Yaşar Ağayev, “Azərbaycan bayrağı” ordenli ehtiyatda olan polkovnik-leytenant Eynulla Bağırov, hərbi işçi olmuş mərkəzi kitabxana sisteminin direktoru Könül Baxışova və başqaları çıxış ediblər.
Vətənə, orduya, ölkəmizin bu gününə aid Qələbə ruhlu mahnı və marşlar ifa olunub.
Bir neçə nəfərə RİH başçısının fəxri fərmanı verilib.

Keçidlər