Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Milli Mətbuat günü “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsində qeyd edilib

21 iyul 2018 | 16:00

Azərbaycanın  Milli Mətbuat və Jurnalistika günü İsmayıllı Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev idarəetmə məktəbi”nin Buynuz kəndindəki “Şirvan” turizm-istirahət mərkəzində keçirilən məşğələsində bayram edilib.
Bayram tədbirində tanınmış şair Musa Yaqub, veteran jurnalistlər, ictimaiyyət nümayəndələri, “Dağ çiçəkləri” ədəbi məclisinin, “İsmayıllı yazarları” ictimai birliyinin üzvləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, gənclər, ziyalılar iştirak ediblər.
Veteran jurnalist, “Qızıl Qələm” mükafatı laureatı, “Tərəqqi” medallı Lətifə Əliyeva tədbiri giriş nitqi ilə açıb və Azərbaycan mətbuatının 143 illik yoluna qısa nəzər salıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, “Heydər Əliyev idarəetmə məktəbi”nin təsisçisi Mirdaməd Sadıqov “Azərbaycan tarixinin Heydər Əliyev epoxasında milli mətbuatımızın və jurnalistikamızın yeri” mövzusunda məruzə edib, məşğələ iştirakçılarını, onların timsalında bütün obyektiv, ədalətli, qərəzsiz, dövlət və xalq maraqları əsasında yazan qələm sahiblərinə təbrik deyib, veteran jurnalistlərə bayram hədiyyələrini təqdim edib.
Rayon qəzetinin keçmiş redaktoru, dövlət qulluğu veteranı Valeh Salehov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin media siyasəti və onun beynəlxalq səviyyəli nəticələri”, tarix müəllimi Rza Salahov “Azərbaycan mətbuatının yaranma, inkişaf və yüksəliş tarixi” mövzusunda çıxış ediblər.
Sağlamlıq durumunun az  zəifliyinə baxmayaraq şair Musa Yaqub Ulu öndərin adı ilə bağlı məclisə məmnunluqla gəlib, çıxış edib və şeir deyib.
YAP rayon təşkilatının sədri Sevil Əhmədova Yeni Azərbaycan Partiyasının yaradılmasında  ümummilli lider Heydər Əliyevin yanında olan KİV-lərin fəaliyyətindən danışıb, media işçilərini və məşğələ iştirakçılarını Milli Mətbuat günü münasibətilə təbrik edib.
Uzun illər mətbuat sahəsində çalışmış hüquq elmləri namizədi, Qafqaz Müsəlmanları idarəsinin aparat rəhbəri Simran Həsənov, şair Marif Soltan, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov iştirakçıları təbrik, təşkilatçılara təşəkkür ediblər.
Buynuzdan olan qocaman poeziya həvəskarı Əvəz Yaqubov şeir söyləyib. İkinci kitabı çapdan çıxmış gənc şairə Turac Hilal hamının alqışına səbəb olan şeirlərindən nümunələr təqdim edib.
“Heydər Əliyev idarəetmə məktəbi”nin ənənəvi məşğələlərindən fərqli olaraq  Milli Mətbuat gününə həsr olunmuş məşğələdə musiqi və mahnılar da səslənib.

Keçidlər