Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtəşəm Festival bu dəfə İsmayıllıda keçirilib

29 iyul 2018 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir və növbəti tədbir iyulun 28-də İsmayıllı şəhərindəki “Qala” şadlıq sarayının qarşısında, Uşaq - Əyləncə istirahət mərkəzində keçib.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında reallaşdırılan, nazirliyin bütün regional idarələrinin iştirakını təmin edən bu layihə zəngin tarixə və dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliğinə, regionların mədəni potensialının nümayiş etdirilməsinə, mədəni əlaqələrin genişləndirilməsinə xidmət edir.

Tədbir rayon rəhbərlərinin, ictimaiyyətin çoxsaylı nümayəndələrinin, habelə qonaqların iştirakı ilə təntənəli şəkildə keçib. Əvvəlcə iştirakçılar bayramsayağı bəzədilən Uşaq- Əyləncə istirahət mərkəzində Mədəniyyət Nazirliyinin 15 regional idarəsi tərəfindən ayrı-ayrılıqda təşkil olunan sərgilərlə tanış olublar. Bölgələrin mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər və digər əl işləri ilə yaxından tanışlıq, verilən məlumatlar böyük diqqət və maraqla qarşılanıb.

Yaradıcılıq festivalının ikinci hissəsi olan konsert proqramı isə hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları ilə yadda qalıb. Kürdəmir regional mədəniyyət idarəsinin Füzuli rayonu nümayəndəliyinin solisti Xəqani Şahbazovun ifasında səslənən Qarabağ şikəstəsi, İsmayıllı regional mədəniyyət mərkəzinin “Lahıc”, rayonun İvanovka kəndinin “Slavyanoçka” folklor qruplarının çıxışları, 2015-ci il Muğam müsabiqəsi laureatı Azərbaycan Dövlət Radio və Televiziyasının solisti Elgiz Əliyevin ifa etdiyi “Mənim Azərbaycanım” mahnısı və sair çıxışlar böyük maraqla qarşılanıb.

Tədbirdə 60-dan çox rayonun mədəniyyət işçisi iştirak edib. RİH rəhbərliyi və aparat işçilərinin, idarə və müəssisə kollektivlərinin, içimaiyyət nümayəndələri iştirak etdiyi tədbiri 5 mindən çox tamaşaçı əhatə edib.

Festivalda Mədəniyyət Nazirliyinin regional siyasət şöbəsinin əməktaşı Əlisultan Sadıqov da iştirak edib.İsmayıllıda sözlü-musiqili bir gün yaşanıb.

Keçidlər