Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Məmməd Araz poeziya günü” keçirilib.

07 sentyabr 2018 | 16:00

Ulu öndər Heydər Əliyevin çox sevdiyi sənətkarlardan olan Xalq şairi Məmməd Arazın bu il anadan olmasının 85 illiyi tamam olur. Bununla əlaqədar Respublikada şairə həsr olunmuş tədbirlər həyata keçirilir.
       Yazıçılar Birliyinin üzvü, Azərbaycan Prezidenti yanında Bilik Fondunun mühazirəçisi Qardaşxan Əzizxanlının təşəbbüsü, İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Bilik Evinin birgə təşkilatçılığı ilə sentyabrın 7-də rayonda şair Məmməd Araza həsr olunmuş poeziya günü keçirilib.
       Rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin uşaq kitabaxanasının zalında keçirilən poeziya günündə RİH başçısının müavini Sevil Əhmədova, Millət Vəkili, şair-publisist Aqil Abbas,  Məmməd Arazın qızı İradə Tuncay, rayonun ümumtəhsil məktəblərinin direktor və müəllimləri, gənclər, rayon ziyalıları, İsmayıllı İctimai Yazarlar Birliyi və “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri,şagirdlər iştirak ediblər.
       Ədəbi-bədii tədbiri Xəzər Universitetinin müəllimi Qardaşxan Əzizxanlı aparıb. Məmməd Arazın həyatı və ədəbi yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı  mövqeyi geniş şəkildə poeziya gününə toplaşanlara çatdırılıb.Məktəblilər şairin şeirlərindən nümunələr söyləyiblər.
       RİH başçısının müavini Sevil Əhmədova rayon rəhbərliyi adından tədbirə toplaşanları salamlayıb və minnətdarlığını ifadə edib. “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov, RİH-nin  məsul işçisi Murad Məhərrəmov Məmməd Araz yaradıcılığının müxtəlif aspektləri barədə tədbirə  toplaşanlara məlumat veriblər. Müğənni Qalib Güləliyev  şairin şeirlərinə  bəstələnmiş mahnılar ifa edib.
     Sonda Millət Vəkili , şairin qızı İradə Tuncayın həyat yoldaşı Aqil Abbas Məmməd Araza həsr  olunmuş poeziya gününün keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, onun məruzəçisi Qardaşxan Əzizxanlıya, Rayon İcra Hakimiyyətinə, tədbirin keçirilməsində zəhməti olanlara, bütün iştirakçılara öz minnətdarlığını bildirib. Məmməd Arazın şeirlərinin ən yaxşı ifaçılarına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

Keçidlər