Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Hapıtlar” sənədli filminin təqdimatı keçirilib

06 mart 2019 | 16:00

İsmayıllı azsaylı xalqların etnik qrupların, müxtəlif dinə, dilə mənsubların yaşadığı, öz adət-ənənələrini qoruyub-saxladığı, inkişaf etdirdiyi bölgələrdəndir. Rayonda ona yaxın xalqın, müxtəlif millətlərin nümayəndələri yaşayır.

Uzun illərdən bəri İsmayıllı ərazisində məskunlaşmış Hapıtlar haqqında “Səlnaməfilm” studiyası tərəfindən “Hapıtlar” sənədli filmi çəkilib. Geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulmuş bu sənədli filmin 5 fevral tarixində İsmayıllıda təqdimat mərasimi keçirilib.

Rayon Mədəniyyət Mərkəzində reallaşan tədbir Mərkəzin foyesində hapıtların əl işlərinin, folklor nümunələrinin milliyətcə hapıt olan şair və yazıçıların əsərlərinin, milli mətbəxinin nümayişi ilə başlayıb.

Hacıhətəmli, Mollaisaqlı kəndlərində, respublikamızın paytaxtı Bakı şəhərində, Sumqayıtda yaşayan hapıt nümayəndələr tədbirdə iştirak edib.

Rayon Mədəniyyət Mərkəzinin akt zalında davam edən tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov açıb, qonaqları, tədbir iştirakçılarını salamlayıb.

Filmin ssenari müəllifi Qorxmaz Şıxalıyev, rejissor Vəli Səyyadi çıxış edərək, ekran əsərinin ideya istiqaməti, bədii dəyəri barədə tamaşaçılara məlumat veriblər.

Mollaisaqlı kənd sakini, hapıtlar haqqında tədqiqatçı və kitab müəllifi İldırım Məsimli çıxış edib, hapıtların qədim tarixə malik etnos olduğunu diqqətə çatdırıb.

Sonda isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət sifarişi ilə istehsal olunmuş “Hapıtlar” filmi nümayiş olunub.

Hapıtların yaşam tərzini, adət-ənənələrini, milli dəyərlərini özündə əks etdirən film böyük maraqla qarşılanıb.

Keçidlər