Şriftin ölçüsü :

Saytın rəngi :

“Mücü - əsrlərin yadigarı”

26 mart 2019 | 16:00

Regionda multikulturulazim modeli olan İsmayıllının qədim tarixə, mədəniyyətə, xalq sənətkarlığına malik yaşayış məskənləri çoxdur. Belə məskənlərdən biri də vaxtilə yəhudilərin azərbaycanlılarla birgə yaşadığı Mücü kəndidir. Sonuncu Şirvan xanı Mustafa xanın məskən saldığı Fit qalasının – Fit dağının ətəklərində yerləşən bu kənd xalq sənətkarlığı, ticarət, xüsusilə Qanovuz ipək parçası toxuculuğu ilə tanınıb. Yalnız Mücüyə aid olan Qanovuzu (daha çox Qövsi-quzeh formasında) indi bəlkə muzeylərdə görmək mümkün olar.
Yaxşı haldır ki, əslən Mücülü olan İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov baba yurduna “Mücü - əsrlərin yadigarı”adlı kitabı həsr edib. Bu gərəkli, dəyərli kitab müəllifin səmimi giriş sözü ilə başlayır. Coğrafi, tarixi, ekoloji, etnoqrofik məlumatlar sonrakı səhifələrdə geniş əksini tapıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Həsən Həsənovun fəal iştirakı ilə “Qızıl qaya” turizm-istirahət mərkəzində kitabın təqdimatı keçirilib. Respublikanın müxtəlif guşələrində yaşayan mücülülər, onlara qohum olanlar, rayon ictimayyətinin nümayəndələri təqdimat mərasimində iştirak ediblər.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dövlət qulluğu veteranı Valeh Salehov tədbirin başlandığını bildirib və Mücüyə həsr olunmuş kitabın əhəmiyyətindən, bədii və elmi dəyərindən danışıb.
Müəllif Həsən Həsənov kitab üzərində işləməyindən ətraflı bəhs edib, bu işdə ona yardımçı olanlara təşəkkürünü bildirib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından iştirakçıları salamlayıb, müəllifi bu dəyərli işi başa çatdırmağı münasibətilə təbrik edib, sonrakı nəşrdə nəzərə alınması vacib olan bir sıra məsləhətlərini verib.
Əvvəli mühəndis, sonrası yazıçı-şair olan Solmaz Muxtarova, tibb elmləri namizədi Rasim Cəfərov, “Azərbaycan” qəzetinin bölgə müxbiri Əli Səlimov, satirik yaradıcılığa meyilli Aslan Aslanov, müəllifin bacısı Rəna Həsənova və başqaları çıxış ediblər.
Müğənnilər İntiqam İbrahimovun və Sabir Allahverdiyevin ifaları təqdimat mərasiminə musiqi bəzəyi verib.
Yekunda Azərbaycan dövlətinə, cənab Prezidentə yekdilliklə minnətdarlıq ifadə olunub. Qeyd edilib ki, ölkədə yaradılan sosial, iqtisadi, mənəvi şəraitin saf, sabit mühitin nəticəsi olaraq hər kəs istənilən istiqamətdə öz potensialını üzə çıxara bilir.

Keçidlər