Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri qazisi Yaşar Ağayev İsmayıllıda təhsil aldığı məktəbə gəlib

03 aprel 2019 | 16:00

İsmayıllı şəhər sakini, 6 saylı tam orta məktəbi bitirmiş, xüsusi təyinatlıların döyüş dəstəsində xidmət etmiş Yaşar Ağayev Aprel döyüşlərində əsil vətən oğlu kimi vuruşmuş, yaralanana qədər neçə-neçə düşməni cəhənnəmə vasil etmişdi. Ölkəmizin və bilavasitə ordumuzun qüdrətini tanıdan Aprel zəfərindən sonra Yaşar dövlətimizin qayğısı ilə Türkiyədə dəfələrlə müalicə olunması nəticəsində artıq sağlamlığını bərpa etməkdədir. Öz məzununun bu halına sevinən pedaqoji və şagird kollektivi Yaşar Ağayevlə görüş keçirib.
Aprel döyüşləri qazisi keçdiyi şərəfli döyüş yolundan, dövlətin, Prezidentin qayğısı sayəsində fəal həyata ümidlə qayıtmağından, Qarabağ müharibəsində qələbəmiz üçün hər bir vətəndaşın məsuliyyəti öz üzərinə götürməsinin vacibliyindən danışıb.
Şagirdlər tədbiri hərbi marşlar, vətənpərvərlik mahnıları və şeirlərlə zənginləşdiriblər.
Rayon veteranlar şurasının sədri Əlaləm Babayev, istefada olan polkovnik-leytenant, “Azərbaycan Bayrağı” ordenli Eynulla Bağırov, tədbirin əsas təşkilatçısı – hərbi hazırlıq rəhbəri Əsgər Manafov, rayon təhsil şöbəsinin məsləhətçisi Mail Səftərov və veteran jurnalist Valeh Salehov, məktəbin direktoru Qalib Bəşirov çıxış edərək, Aprel zəfərinin Böyük Qələbənin, Cocuq Mərcanlının Qarabağa qayıdışın başlanğıcı olduğunu deyiblər, şagirdləri əsil vətənpərvər, əsil vətənsevər mövqeyə, qələbə naminə döyüşə hazır olmağa səsləyiblər.
Dəvət olunan ictimaiyyət nümayəndələri vətənpərvərlik mövzulu belə bir tədbirdən razı qaldıqlarını bildiriblər.

Keçidlər