Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş marafon yarışı

03 may 2019 | 16:00

İsmayıllı Rayon Gənclər və İdman idarəsi  Təhsil Şöbəsi ilə birgə 03 may 2019-cu il  tarixdə məktəblilər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Yeniyetmələrin XI  ümumrayon spartakiadasına daxil olan marafon yarışı keçirib.
          Tədbirin başlanğıcında çıxış edən İsmayıllı Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov   müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Ümummilli lider H.Əliyevin həyat və fəaliyyəti  haqqında ətraflı danışıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova gənc idmançılar qarşısında Ulu öndər Heydər Əliyevin gənclər və idman siyasətinin davamlı olaraq yüksək nəticələrlə bu gün də davam etməsindən, ümummilli liderin xilaskarlıq missiyasını qəhrəmanlıq səviyyəsində həyata keçirməsindən bəhs edib.       
Keçirilən marafon yarışında İsmayıllı şəhər 1, 2, 3, 4, 5, 6 və 7 nömrəli, Diyallı, Cülyan, Talıstan kənd tam orta məktəblərindən,  İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədris Mərkəzindən   100 nəfər məktəbli və tələbə iştirak edib.
          Yarışa  Şəhidlər Xiyabanı önündən start verilib. Marafon Ümummilli lider Heydər Əliyevin abidəsi önünə qədər davam edib.
         Gərgin keçən marafonda  şəhər 5 nömrəli  tam orta məktəbin şagirdi Həsənov Samir I yerə, şəhər 2 nömrəli məktəbin şagirdi  Abbaszadə Elşən II yerə, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi  Məmmədov Yusif III yerə çıxıblar. Hər üç yerin qalibi İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olunub.

Keçidlər