Şriftin ölçüsü :

Saytın rəngi :

Hindistanın Azərbaycandakı səfiri İsmayıllıya səfərə gəlib

12 sentyabr 2019 | 16:00

Hindistanın  Azərbaycandakı Fövqəladə və Səlahiyyətli  səfiri Vanlalvavna Bavitlunq ailəsi ilə birlikdə regionlarla tanışlıq məqsədilə 12 sentyabr 2019-cu il tarixdə İsmayıllıya səfərə gəlib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov RİH-nin məsul işçiləri, təhsil, səhiyyə, mədəniyyət və mətbuat sahəsi nümayəndələrinin iştirakı ilə qonaqlarla görüşüb. RİH-nin başçısı səfir Vanlalvavna Bavitlunqu və ailə üzvlərini salamlayıb, “xoş gəlmisiniz”  deyib. Bildirib ki, səfir tərəfindən regionlarla tanışlıq proqramına İsmayıllının daxil edilməsini bu bölgəyə verilən dəyər kimi qiymətləndirir. Daha sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllının sosial-iqtisadi inkişafının bütün istiqamətlərində qazanılan uğurlardan, sənaye potensialının artmasından, xüsusilə təhsil sahəsində ardıcıl və sistemli olaraq əldə edilən yüksək nailiyyətlərdən, turizm imkanlarından, ekoloji tarazlığın qorunmasından, rayonun qədim tarixindən, coğrafiyasından, etnoqrafiyasından, zəngin milli tərkibindən ətraflı danışıb.
Səfir cavab nitqində deyib ki, altı aydır Azərbaycandayam. Bugünkü görüşü ən səmimi görüşlər sırasında sayıram. Məni və ailəmi belə səmimi və məmnunluqla qarşıladığınıza görə sizə təşəkkür edirəm. Hindistanla Azərbaycanın əlaqələrinin tarixi çox qədimdir. Keçmişə əsaslanıb bu gün daha səmərəli, daha işgüzar əlaqələr yaratmalıyıq. Təhsil, mədəniyyət sahələrində əlaqələrimiz möhkəmləndikdən sonra iqtisadi əlaqələrə, qarşılıqlı investisiya qoyuluşuna, nümayəndə heyətləri mübadiləsinə baxa bilərik. Azərbaycanda gördüklərim, müşahidələrim, rayonlara səfərlərim bunlara yəqinlik yaradır.
Görüşün sonunda RİH-nin başçısı Mirdaməd Sadıqov Azərbaycanın xalq sənətkarlığı və toxuculuğunu, İsmayıllını, qədim Lahıcı və Basqalı simvolizə edən hədiyyələri qonaqlara təqdim edib.
Qonaqlar rayon icra hakimiyyətindəki görüşdən sonra “Azərxalça” ASC-nin İsmayıllı xalça fabrikində, Sumağallı kəndindəki “Arzu” qadın inkişaf qrupu icmasında, şəhər Mədəniyyət mərkəzində, “Talıstan Forest Park”da, Hacıhətəmli turizm kompleksində olublar.
Axşamüstü səfir və onunla birlikdə gələnlər tanışlıq və orada gecələmək məqsədilə Lahıc qəsəbəsinə yola düşüblər.
Qonaqları səfər zamanı İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev müşaiyət edib.

Keçidlər