Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda qanunsuz zəbt olunmuş örüşlər yenidən əhalinin ümumi istifadəsinə verilir

19 may 2020 | 16:00

İsmayıllının Quşencə və Qalınçaq kəndlərində, həmçinin Pirdinar ərazisində zəbt olunmuş örüş yerlərinin qanunsuz çəpərləri səbəbkarların özləri tərəfindən sökülür, maneə məqsədilə qazılmış arxlar doldurulur. Belə ki, bir neçə gün öncə sakinlər tərəfindən çoxsaylı şikayətləri nəzərə alaraq, rayonun icra hakimiyyətinin rəhbərliyi adıçəkilən kəndlərə baş çəkib, örüş yerlərini özbaşına zəbt etmiş, habelə torpaqlardan təyinatı üzrə istifadə etməyən şəxslərlə görüşüb. Karantin qaydalarına əməl olunaraq təşkil olunmuş görüşdə yerli bələdiyyə və icra nümayəndələri də iştirak edib. Bu cür əməllərin, həmçinin bunlara şərait yaratmaq və ya göz yummağın qanuna zidd olduğu izah olunub, maarifləndirmə aparılıb.

Bildirilib ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi" haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən örüş sahələri, kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq məcəlləsinin 16-cı maddəsi, həmçinin "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi" Qaydalarına görə, örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə müddətsiz ayrılıb. Bələdiyyənin ehtiyat torpaq fondunda olan örüş və biçənək sahələrinin müəyyən qismi isə qanunvericiliyə uyğun qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.

Xüsusi ilə vurğulanıb ki, cinayət məcəlləsinin 188-ci maddəsinə görə, ümumi istifadəyə verilmiş torpaq özbaşına hasarlanarsa 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vəzifəli şəxslər tərəfindən icarə və ya mülkiyyətə verilərsə həmin insanlar 314-cü maddəyə əsasən 3 ildən 8 ilədək həbs olunur, 3 ilədək müddətə müəyyən vəzifə və ya fəaliyyət hüququndan məhrum edilir.

O da diqqətə çatdırılıb ki, torpaqlardan təyinatı üzrə istifadə edilməzsə inzibati xətalar məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulduğu kimi, fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilə bilər.

Qanunsuz zəbtdən azad olunmuş torpaq sahələri yenidən təyinatı üzrə ümumi istifadəyə verilib. Bu cür özbaşınalıqların aradan qaldırılması üçün qanunvericiliyə əsaslanan maarifləndirmə və bələdiyyələrin rəhbərliyi ilə görülən tədbirlər davam etdiriləcək.

 

Keçidlər