Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü məzarı yanında qeyd olunub - VİDEO

21 mart 2021 | 16:00

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayıllı şəhər sakini Həmzəyev Novruz Bəkir oğlunun doğum günü uyuduğu şəhidlər xiyabanında məzarı yanında anılıb.

Anım mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhər İƏD üzrə nümayəndəlik, şəhidin yaxınları, gənclər və idman idarəsi, I-II Qarabağ müharibəsi iştirakçıları və şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarı ziyarət ediblər.

Yaşasaydı, Novruzun 29 yaşı olacaqdı. O, 1992-ci ilin martın 21-də İsmayıllı kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 2010-cu ildə hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Kəşfiyyatçı Manqa komandiri ixtisasını bitirib. Novruz İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlının giziri ZTR döyüş maşın komandiri kimi xidmət edib. Qarabağ müharibəsində  göstərdiyi qəhrəmanlığa görə  ölümündən sonra “Vətən uğrunda” və “Şuşa uğrunda “ döyüş medalı ilə təltif olunub.

Mərasim iştirakçıları rayonun Şəhidlər xiyabanını ziyarət edərək məzarlar önünə gül dəstələri, Novruzun atributlarından olan səmənilər qoyublar.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə idarə və təşkilatlarda iştirak edərək şəhidin ailə üzvlərinə başsağlığı veriblər.

Çıxışçılar şəhid Həmzəyevin şərəfli ömür yolundan danışıb. Qeyd ediblər  ki, döyüş meydanından 127 şəhid və yaralı çıxarıb. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan, Suqovuşan və Talış kəndlərinin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Noyabrın 7-də Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Həmçinin bildirilib ki, Novruz 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib.

Qeyd olunub ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.

Şəhid Novruz Həmzəyevin oxuduğu şəhər 6 saylı tam orta məktəbinin şagirdləri onun xatirəsini şeirlərlə yad edib.

Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I-II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

Keçidlər