Şriftin ölçüsü :

Saytın rəngi :

Bərabər hüquqlu vətəndaşların birgə məclisi

04 dekabr 2013 | 16:00

Beynəlxalq Əlillər günü imkan verdi ki, fiziki çatışmazlığı olan insanlarla rayon rəhbərliyi, xidmət təşkilatlarının nümayəndələri  bir araya gəlsinlər. 3 dekabr 2013-cü il tarixdə “Röya” şadlıq evində Qarabağ müharibəsi əlilləri, əlil uşaqlar, Çernobıl əlilləri, ümumi səbəblərdən əlil olanlar bir yerdə idilər. Onların şərəfinə ziyafət  verildi. Çox möhtəşəm konsert təşkil olunmuşdu.
    İştirakçılar salona girməzdən əvvəl əlil uşaqların əl işlərindən və yaradıcılıq nümunələrindən təşkil olunmuş satış-sərgiyə baxdılar. Yüksək zövqlə işlənmiş rəsmlər, şəkillər, portretlər, toxuculuq məmulatları və digər yaradıcılıq məhsullarının hamısı alındı.
  Tədbir rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Allah mərhəmətinə, cənab Prezident İlham Əliyevin insana tükənməz qayğısına əsaslanan çıxışı ilə başladı. O, əlillər üçün açılacaq iş yerlərindən, onların vacib  problemlərinin ardıcıl həll olunması yollarından, dövlət qayğısı və imtiyazlarının hər bir ünvana bundan sonra da vaxtında, hərtərəfli çatdırılacağından, əlillərin cəmiyyətin tam bərabərhüquqlu üzvü olmaq üçün rayon icra hakimiyyətinin həyata keçirəcəyi tədbirlərdən danışdı.
   Ziyafətin gedişində Mirdaməd Sadıqov mənəvi cəhətdən daha sağlam olan fiziki  əlillər əyləşən hər bir masaya yaxınlaşdı, onları dinlədi, qaldırılan məsələlərin icrasını cavabdeh şəxslərə tapşırdı.
    Rayon veteranlar Şurasının sədri Abduləli Əliyev, QMƏVŞA İB-yi rayon şöbəsinin sədri  Vidadi Zərbiyev, DSMF rayon şöbəsinin müdiri Kamran Muradov, Çernobıl Əlillər İttifaqı rayon təşkilatının sədri Məleykə Lətifova, elektrik şəbəkəsinin rəisi Əlağa Bədəlov, su-kanal idarəsinin rəisi Ağasəf Salmanov, qaz istismarı sahəsinin nümayəndəsi Murad Ağamalıyev, Əfqanıstan müharibəsi əlili Çingiz Məmmədov dövlətin sosial siyasətini alqışlayan çıxış etdilər, rayonda bu istiqamətdə  aparılan geniş miqyaslı işlərdən danışdılar
   Uşaq və ailələrə dəstək mərkəzinin balaca könüllüsü Nilufər Çələbiyeva əlil uşaqların yaradıcılığından, həyata bağlılığından, yaxşı fərdi təhsil almalarından danışdı. Onları rəqsə dəvət etdi. Uşaqlar bir-birini tanıdıqlarından, böyüklərlə bir yerdə olduqlarından sevinirdilər, könülləri xoş olurdu.
   İsmayıllıda doğulub Respublikada tanınan müğənnilər –Sevil İsmayılqızı, İsmayıl Abbasov və Elxan Osmanlı vətənpərvərlik ruhlu, lirik mahnıları ilə məclisi daha da şənləndirdilər.
  Tədbirdən sonra hərəkət məhdudiyyətli, görmə qabiliyyəti olmayan və daha ehtiyaclı 50 nəfər birinci qrup əlilə ərzaq bağlaması göndərildi.
  Əlillər gününədək bir neçə əlil sakinin evinə su və elektrik xətləri çəkilmiş, istilik sistemi quraşdırılmış, onların yaşadığı 72 mənzilli 2 binaya xidmət edən qazanxana yüksək təzyiqli qaz xəttinə qoşulmuşdur.
  Fiziki problemli soydaşlarımız bütün bunları ölkə rəhbərinin tükənməz qayğısının daha bir təzahürü kimi qəbul etdilər və ürəkdən minnətdar olduqlarını bildirdilər.

Keçidlər