Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsilin inkişafı üzrə Dövlət Strategiyası

25 dekabr 2013 | 16:00

24 dekabr 2013-cü il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində dəyirmi masa keçirilir. Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri ilə yanaşı İsmayıllı, Qəbələ, Göyçay və Ağsu rayonunun təhsil işçiləri iştirak edirlər. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, oktyabrın 24-də "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Onun sözlərinə görə, strategiyanın müzakirəsi ilə bağlı regionlarda müxtəlif tədbirlər, dəyirmi masalar keçiriləcək və burada müxtəlif məsələlər müzakirə olunacaq. C.Valehov qeyd edib ki, yeni sənədin qəbulun təhsilin gələcək inkişafı üçün yeni imkanlar açır.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov qeyd edib ki, ölkə prezidenti tərəfindən təsdiq olunmuş strategiya çox əhəmiyyətli və son 20 ildə təhsilin inkişafı üçün qəbul olunmuş ən mühüm sənəddir. Onun sözlərinə görə, hazırda nazirlik hökumətlə birgə "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın icrası ilə bağlı plan hazırlayır. "Dəyirmi masa"larda müzakirə edilən məsələlər və irəli sürülən təkliflərin Təhsil Nazirliyi üçün mühüm əhəmiyyət daşıdığını deyən nazirlik rəsmisi vurğulayıb ki, burada olan həmin təkliflər təhsildə növbəti addımların atılmasında, sonrakı fəaliyyət dövründə nəzərə alınacaq: “Təhsil sənədində müəllimlərin peşəkar inkişafı ilə bağlı çox ciddi məsələlər nəzərdə tutulub. Burada bəzən birmənalı olaraq müzakirəsiz qərarın qəbul edilməsi mümkün deyil”.

Təhsil Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə vurğulayıb ki, İsmayıllı rayonunda ilk belə tədbirin keçirilməsi təsadüfi seçilməyib. Onun sözlərinə görə, bu rayonda təhsildə yüksək nəticələr əldə olunub, yaxşı məktəblər, müəllimlər və şagirdlər var. Şöbə müdiri əlavə edib ki, İsmayıllı rayonunun şagirdlərinin qəbul və buraxılış imtahanlarında göstərdikləri nəticələr qənaətbəxşdir.

Tədbirdə Dövlət Strategiyasında nəzərdə tutulan məsələlər, müəllimlərin inkişafı, məktəblərdən ayrılmadan peşəkarlığının artırılması, müəllimlərin sertifikatlaşdırılması, müəllim fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması, məktəb direktorlarına tələblər, onların rotasiyası və digər məsələlər müzakirə olundu.

Keçidlər