Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıhətəmli kəndində türk əsgərlərinin məzarları ziyarət olunub

01 aprel 2014 | 15:00

1918-ci ildə Türk-Qafqaz ordusunun tərkibində bu torpaqlara gəlmiş, savaşaraq şəhid olmuş türk əsgərlərinin Hacıhətəmli kənd qəbiristanlığındakı məzarları ziyarət olunub. Məzarların önünə tər güllər düzülərək, şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Nazim Ağakişiyev Bakıda və ölkənin digər bölgələrində dinc azərbaycanlı əhaliyə divan tutulmasından danışıb. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bildirib ki, xalqımıza edilən zülmləri, başına gətirilən müsibətləri yalnız anım günlərində deyil, hər zaman yadda saxlamalıyıq. Təqaüddə olan tarix müəllimi Mehdi Məmmədov 96 il bundan əvvəl törədilən soyqırım dəhşətlərinin xalqımızın yaddaşından silinməyəcəyini bildirib. Qeyd edib ki, 1918-ci il mart hadisələrindən sonra ermənilər Şamaxı, Ağsu, İsmayıllı bölgələrində əhalini qətlə yetirmiş, evləri yandırmışlar. Onlar rayonun müxtəlif kəndlərində qəddarlıq etmişlər. 1918-ci ildə Tircan kəndində ermənilər tərəfindən 300 kişi, 40 qadın, 20 uşaq öldürülmüşdür. Xeyli maddi ziyan dəymişdir. Zərnava kəndində 40 kişi, 4 qadın, 5 uşaq öldürülmüş, Bizlanda 50 kişi, 30 qadın, 20 uşaq qətlə yetirilmişdir. Mücüdə 150 kişi, 55 qadın, 25 uşaq öldürülmüşdür.

Keçidlər