Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev açıq dərslərinin yekun məşğələsi

23 may 2014 | 15:00

İki aydan çox müddətdə İsmayıllı şəhərindəki  Heydər Əliyev Mərkəzi eyni zamanda Heydər Əliyev açıq dərslərinin tədrisi mərkəzinə çevrilmişdi. Buradakı elmi, siyasi, ideoloji fəaliyyət, yaradıcılıq mühiti dərslərin də əsas istiqamətinə qovuşmuşdu.
Rayon  Təhsil şöbəsinin  tarix ixtisaslı aparıcı məsləhətçisi, Respublikanın Əməkdar müəllimi Ramiz Baloğlanovun təşkilatçılığı ilə 10 nəfər müəllim Heydər Əliyev açıq dərslərini tədris etmişlər. 46 tam orta məktəbin 876 nəfər XI sinif  şagirdi (100%) dərslərdə iştirak etmiş, ümummilli liderin  irsinin öyrənilməsi yollarına mükəmməl yiyələnmiş, dərslər üçün müəyyən edilmiş konkret mövzuları əsaslı surətdə öyrənmişlər.
Son məşğələdə rayonun Qalınçaq, Soltankənd, və Qalagah kənd tam orta məktəblərinin XI sinif şagirdləri iştirak etmişlər. Şagirdlər ilk növbədə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə ekspozisiya  zallarındakı sənədlər  vasitəsilə,  buradakı yaradıcılıq, rəssamlıq və dil dərnəkləri ilə tanış oldular, ulu öndərə həsr olunmuş filmə baxdılar. Sonra “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır. ”  mövzusunda dərs keçildi.
Dərsləri tədris edən müəllimlər, təhsil işçiləri yekun olaraq Heydər Əliyev Mərkəzinin konfrans zalına toplaşdılar. Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova Heydər Əliyev  dərslərini tədris edən  müəllimlərə təşəkkür etdi.  Onlara fəxri fərmanlar təqdim olundu.
Ramiz Baloğlanov bildirdi ki, Heydər Əliyev açıq dərsləri ümummilli liderin irsinin öyrənilməsi üçün  bir  başlanğıc, çox düzgün yol və  metod , dərin məzmuna söykənən  forma oldu. Bizə əsas verildi ki, Heydər Əliyev irsini bundan sonra daha dərindən öyrənək və öyrədək. Şagirdləri Heydər Əliyev ideyaları ilə mükəmməl silahlandıraq.

Keçidlər