Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı gəncləri vəzifələrini bir daha dəqiqləşdirirlər.

25 iyul 2014 | 15:00

Heydər Əliyev Mərkəzinin böyük konfrans zalı 25 iyul 2014-cü il tarixdə gənclərin ixtiyarına verilmişdi. Burada Azərbaycan gənclərinin VII forumunun nəticələrinə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunmuş toplantı keçirilməli idi. Toplantıdan əvvəl  iştirakçılar “Tikilən, qurulan, yeniləşən İsmayıllıda gənclərin iştirakı,” “İsmayıllı gəncləri inkişaf və yüksəliş yollarında” mövzuları üzrə  hazırlanmış qısa videofilmlərə baxdılar. Sonra mövzu ətrafında rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov məruzə etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Respublikamızı idman ölkəsinə çevirməsindən, gənclərin peşə, təhsil və  intellektual inkişafı, mədəni həyata və mənəvi zənginliyə qovuşması üçün hər şeyi etdiyindən, rayon gənclərinin bu diqqət və qayğıya cavab olaraq  daha da fəallaşmasından ətraflı danışdı. İki növ üzrə Avropa çempionu olmuş idmançıların, digər yarış qaliblərinin adını fəxrlə çəkdi. Qeyd etdi ki, rayon İcra Hakimiyyəti başçısı idmanın inkişafı ilə əlaqədar federasiyalara uyğun şuralar yaradılması barədə sərəncam vermişdir. Şura sədrləri rayonda müxtəlif idman növləri üzrə olimpiadalar, spartakiadalar keçirilməsində əsil təşkilatçı rolunu oynayırlar. Karate idman növü üzrə Əkbər Şəfaqətov çıxışında bildirdi ki, bir idmançısı 2015-ci ildə Bakı şəhərində keçiriləcək  Avropa oyunlarına vəsiqə qazanmışdır. Çətin idman döyüş növü üzrə  Avropa çempionu Tuncay Əliyev idman mübarizəsini daha da gücləndirəcəyini bildirdi. Qurbanəfəndi kənd tam orta  məktəbinin müəllimi Xavər Allahverdiyeva və Sumağallı inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini İlkin Salahov çıxışlarında həm görülən  işlərdən, həm də həlli vacib problemlərdən danışdılar.
     Toplantının çox bəyənilən və təqdir olunan tərəfi o idi ki, burada yaşlı nəslin  nümayəndələri də iştirak edir, gənclərə öz dəyərli məsləhətlərini verirdilər. Bu baxımdan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor müavini Sevda Qasımovanın, Uşaq və Ailələrə dəstək mərkəzinin direktoru Lətifə Əliyevanın və İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Məhərrəm Əhmədovun çıxışı daha xarakterik idi.
    Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbiri elə apardı ki, iştirakçıların böyük əksəriyyəti təklifini bildirdi, arzusunu söylədi, rayonun inkişafında bundan sonra  daha fəal iştirak edəcəyini dedi.
  Gənclər və İdman  Nazirliyinin yaranmasının 20 illiyi ilə əlaqədar bir qrup gəncə və idmançıya rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin hədiyyələri, diplomlar  təqdim edildi.
    Toplantı bir daha göstərdi ki, İsmayıllı gəncləri qarşıdakı vəzifələrin icrası üçün məsuliyyəti inamla öz üzərinə götürmüşlər.

Keçidlər