Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı sürətli inkişaf yolundadır

27 oktyabr 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 sentyabr 2014-cü il tarixdə İsmayıllıya səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə demişdir: “Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam”. Bu diqqət və qayğının müntəzəmliyinin, ardıcıllığının, yeni maliyyə dəstəkləri ilə möhkəmlənməsinin nəticəsidir ki, İsmayıllı sürətli sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.
2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun etdiyi məruzədə çoxistiqamətli inkişafın yüksək nəticələri hərtərəfli əksini tapmışdır.
          Rayonda hesabat dövründə müqayisəli qiymətlərlə 122 milyon 506 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Sənaye sahəsində 2,5 faiz, kənd təsərrüfatında 3,1 faiz, nəqliyyatda 3,7 faiz, rabitə sahəsində 1,3 faiz və ticarətdə 37,3 faiz artım əldə edilmişdir.  
     Rayon büdcəsinin gəlir hissəsi 15 milyon 472 min 402 manata qarşı 15 milyon 748 min 987 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 101,8 faiz yerinə yetirilmişdir.9 ayda əhaliyə 15 milyon 143 min manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 82 milyon 111 min manat olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə  müqayisədə 7 milyon 817 min manat və ya 10,5 faiz artıqdır. Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə 23,6 manat artaraq 258,6  manata çatmışdır. 
    Hesabat dövründə rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Heydər Əliyev adına Mədəniyyət Sarayı, Rayon Mərkəzi Xəstəxanası yenidən qurulmuşdur, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın, 140 yerlik uşaq bağçasının və Uşaq əyləncə və istirahət parkının tikintisi başa çatdırılmışdır. Həmin obyektlərin açılışı sentyabr ayının 22-də cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir. İsmayıllı bələdiyyəsinin inzibati binasının, Rayon Təhsil Şöbəsinin binasının əsaslı təmiri başa çatdırılmışdır. Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binasının tikintisi, şəhərin elektrik təsərrüfatının yenidən qurulması davam etdirilmişdir. Heydər Əliyev prospektində, M.F.Axundov küçəsində əsaslı yenidənqurma işləri görülmüş, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyü dəyişdirilmiş və fasadı müasir memarlıq üslubunda təmir olunmuşdur. M.F. Axundov küçəsində 9 mərtəbəli  2 yaşayış evinin tikintisinə başlanılmışdır. Nizami küçəsində “Soyqrımı” abidəsi qoyulmuş, abidənin ətrafı abadlaşdırılmışdır. Qalınçaq kənd orta məktəbi üçün 360 şagird yerlik, Şəbiyan ümumi orta və Küllülü kənd ibtidai  məktəblərinin hər biri üçün 80 şagird yerlik, Sumağallı kəndində 40 yerlik uşaq bağçası tikilib istifadəyə verilmişdir. Keyvəndi kəndində 1500 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin və digər obyektlərin tikintisi davam etdirilmiş. Bir sıra obyektlərin tikintisi başa çatdırılmaq üzrədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış 5,4 milyon manat vəsait hesabına ümumi uzunluğu 18 km. olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Yerli imkanlar hesabına yol Vəng kəndinə tərəf istiqamət alıb.
İsmayıllı-Lahıc avtomobil yolunda tikinti işləri davam etdirilmişdir. Asfalt vurulması üçün yolun əsası hazır vəziyyətə gətirilib. 15 kilometirlik  hissəyə asfalt döşənib, yolkənarı arxlar tikilib. 4 km. dağlıq hissədə tikinti işləri davam edir. Diyallı kəndinin giriş yolu təmir olunmuş, 1,6 km  asfalt örtük vurulmuşdur.
Yanvar-sentyabr ayları ərzində 34 küçəsində abadlıq, tikinti və asfalt işləri görülmüşdür.
İsmayıllı aqrar rayon olduğu üçün kənd təsərrüfatı iqtisadiyyatda aparıcı rol oynayır. Hesabat dövründə rayonda istehsal olunan ümumi məhsulun 51,5 faizi  kənd təsərrüfatının payına düşür. Ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 897 min manat artmışdır.
Taxıl istehsalçılarımız dövlətimizin aqrar sahəyə olan diqqət və qayğısından yararlanaraq, eləcə də tətbiq etdikləri mütərəqqi aqrotexniki tədbirlər nəticəsində rayonun tarixində ən yüksək göstəriciyə nail olmuşlar. Cari ilin məhsulu üçün ötən ilin payızında rayonda 28849 hektar sahədə taxıl əkilmişdir ki, onun 22953 hektarını buğda, 5896 hektarını isə arpa təşkil edir. Rayon üzrə məhsul istehsalı 83620 tona çatdırılmış, məhsuldarlıq 28,1 sentner təşkil etmişdir.
        Doqquz ayda rayon üzrə diri çəkidə 3899 ton ət, 25613 ton süd, 7 milyon 318 min ədəd yumurta, 390 ton yun istehsal olunmuşdur. İstər baş sayları, istərsə də istehsal göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
             BMT-nın İnkişaf Proqramı əsasında icra edilən “Azərbaycan Böyük Qafqaz regionunda torpaq və meşələrin davamlı idarə olunması” və “Fermerlərin imkanlarının yerli innovasiyalar vasitəsilə zənginləşdirilməsi” layihələri çərçivəsində Topçu, Qurbanəfəndi, Sumağallı kəndlərində istixanalar yaradılmış və həmin sahələrdə tərəvəz məhsulları istehsal edilmişdir. “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası” layihəsinə uyğun olaraq rayonun Topçu kəndində “Fermer mağazası” açılmışdır.
    2013-cü ildə tikilib istifadəyə verilmiş İsmayıllı quşçuluq fabrikində 50 nəfərə yaxın adam işlə təmin olunmuşdur. 
    Digər quşçuluq müəssisəsi-İsmayıllı quşçuluq ASC-də hesabat dövrü ərzində 90800 baş quş bəslənilmiş, 88302 başı satılaraq 1400 sentner ət istehsal edilmişdir
     Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə cari ilin fevral ayının 13-də rayonun Təzəkənd kəndində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit yarmarkası keçirilmiş, sahibkarlar kredit almışlar. Ümumiyyətlə, ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayonumuzdan olan 70 sahibkara 1 milyon 215 min manat kredit verilmişdir .“Sənaye ili” çərçivəsində yenidənqurma və əsaslı təmirdən sonra kərpic zavodunun və əhəng sexinin fəaliyyəti bərpa olunmuş, velosiped istehsalı zavodunun tikintisinə başlanılmışdır. Qalınçaq kəndi ərazisində illik istehsal gücü  min ton olacaq hind quşu fabrikinin  tikintisinə başlanmışdır.İlkin mərhələdə burada 250 nəfər, sonrakı mərhələdə isə 500 nəfər işçi çalışaq.
          İsmayıllı Qaz İstismar sahəsi tərəfindən hesabat dövründə 13034 abonentə  20,5 milyon kub metr qaz yanacağı verilmiş, satılan qazın dəyəri  101,3 faiz ödənilmişdir. 9 ayda İsmayıllı şəhərində 7475 p/m qaz xətti yenidən quraşdırılmış, 637 p/m korroziyaya uğramış xətt yenisi ilə əvəz olunmuşdur. Diametri 219 mm. olan İsmayıllı-Buynuz polad daşıyıcı qaz kəmərinin 17 km  hissəsi təmir edilmiş,  Diyallı kəndinə qaz xətti çəkilmiş, 388 abonent  təbii qaz yanacağı ilə təmin olunmuşdur.
        9 ayda göstərilən kommunal xidmətin 372 min manat həcmində  olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,5 min manat çoxdur.    Respublikanın kənd rayonları arasında ilk olaraq İsmayıllıda 2014-cü ilin avqust ayından  “Təmiz şəhərdə yaşa”  devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlanmışdır. Rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə həyata keçirilən  bu layihədə nəzərdə tutulan tədbirlər müvəfəqiyyətlə həyata keçirilir.
  İsmayıllı poçt filialının 2 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara müxtəlif adda poçt və maliyyə xidməti göstərir. 9 ayda tarif gəlirləri proqnozu 124,3 min manata qarşı 172,1 min manat və ya 114,3 faiz yerinə yetirilmişdir.
       İsmayıllı Telekommunikasiya Qovşağı 9 ayda 166 mənzilə yeni telefon çəkmiş, 128 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir. Qovşaq üzrə 2179 ədəd boş tutum mövcuddur. Şəhər ərazisində 651, kəndlərdə isə 1528 abunəçiyə telefon xətti çəkmək imkanları qalmaqdadır.   
        Rayon İcra Hakimiyyəti 2014-cü ili “İnnovativ təlim texnologiyaları ili” elan etmiş, təhsil şöbəsi də öz növbəsində ilin tələblərindən irəli gələn vəzifələri yerinə yetirməyə çalışmışdır. Qısa müddətdə 19 ədəd elektron lövhə alınaraq məktəblərdə quraşdırılmışdır. Müəllimlərin bu lövhələrlə işləmək bacarığına yiyələnməsi üçün kurslar təşkil edilmişdir. Təhsil Nazirliyi və rayon İcra Hakimiyyətinin  dəstəyi, “Xəzər” Beynəlxalq  İnvestisiya  Şirkətinin  sponsorluğu ilə  keçirilən “Qunduz” informatika  və kompüter  bacarıqları” müsabiqəsində də şagirdlərimiz fərqlənən nəticələr qazanmışlar. Sizə yaxşı məlumdur ki, ali məktəblərə qəbul imtahanlarında müvəffəqiyyət qazanan tam orta məktəblərin məzunlarının şərəfinə “Təhsil bayramı” keçirmişik. Nailiyyətlər, uğurlar burada təhlil və təqdir olunub. 2014-cü ildə ali məktəblərə test imtahanlarında  279 nəfər məzun müvəffəqiyyət  qazanaraq tələbələr sırasına daxil olmuşdur. 20 nəfər  abituriyent 600-dən yuxarı bal toplamışdır. Şəhər 5 saylı tam orta məktəbin məzunu Ləman Abbasova və 4 saylı tam orta məktəbin məzunu Qəmər Qüdrətli  Prezident təqaüdünə layiq görülmüşlər.
     Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin  açılışını etdiyi 140 yerlik uşaq bağçası-körpələr evi rayonda  ən nümunəvi  məktəbəqədər tərbiyə müəssisəsi olacaqdır. Uşaqların sağlamlığı, təlim və tərbiyəsi, fiziki və intellektual hazırlığı üçün burada hər cür şərait yaradılmışdır. Qarşıda duran əsas məsələlərdən biri iri kəndlərdə uşaq bağçalarının açılmasıdır və bunun  üçün müvafiq tədbirlər görülür.
       Rayon mərkəzi xəstəxanasının əsaslı təmirdən sonra açılışı İsmayıllı sakinlərinin sosial-sağlamlıq həyatına əvəzedilməz bir hədiyyə oldu. Burada yaradılan  şərait imkan verəcək ki, düzgün  diaqnoz üçün, əsaslı müalicədən ötrü rayon sakinləri  başqa ünvan axtarmasınlar.   
        Əsaslı təmirdən və yenidənqurmadan sonra müasir formaya salınmış Rayon Mədəniyyət Sarayı istifadəyə verilmişdir. Görülən işlərə cənab Prezident yüksək qiymət verdi. Alim və Fərqanə Qasımovlar mədəniyyət sarayında ilk möhtəşəm konsertlə çıxış etdilər. Mədəniyyət sarayı bundan sonra ümumilikdə rayonda çoxistiqamətli mədəniyyətin formalaşması və inkişafına təməl olacaqdır.  Heydər Əliyev  parkında Yay filarmoniyasının, onun yaxınlığında “Çövkən” oyununun keçirilməsi üçün meydançanın tikintisi ötən 9 ayda mədəniyyət sahəsində əldə edilən uğurlardandır. Cari və əsaslı  təmir üçün ayrılmış 75 min manat vəsaitin rüblər üzrə bölgü əsasında xərclənməsi təmin edilmişdir. 2014-cü ilin 9 ayında  rayona 85 min turist səfər etmişdir. Bu da keçən ilin müvafiq dövründən 3 min nəfər çoxdur. Lahıc qəsəbəsi öz tarixliyi, qədim memarlığı, müasir inkişafı və yollarının abadlaşdırılması ilə daha çox turist cəlb edir. Tarixi günlər, milli və dini bayramlar, Azərbaycan Respublikası  Prezidentinin  sərəncamları ilə zəruri bilinən çoxsaylı yubiley tədbirləri keçirilmişdir.
            “Heydər Əliyev idarəetmə məktəbi”nin  məşğələləri yüksək səviyyədə keçirilmişdir.  Müxtəlif sahələrdə fərqlənən işçilərə mükafat və təltiflərin təqdimatı, peşə bayramları, yeni ailə quranların  nikah mərasimləri Heydər Əliyev Mərkəzində keçirilmişdir. İctimai və qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün rayonda normal şərait yaradılmışdır.
           Rayon Gənclər və idman idarəsinin fəaliyyətində yaranan pozitiv dəyişikliklər dövlət gənclər və idman siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan yaratmışdır. Hesabat dövründə gənclərlə iş sahəsi üzrə 37  rayon  miqyaslı tədbir keçirilib, 14 respublika, 6 zona  tədbirində gənclərimiz iştirak ediblər. İntellektual oyunlarda  və yarışlarda, rayon gənclərinin  təmsilçiləri yüksək bilik  nümayiş etdirə biliblər. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi xarici ölkələrin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm”? müsabiqəsinin 120 nəfər qalibini İsmayıllıya səfərə- rayon gəncləri ilə görüşə göndərib. Binəqədi gənclərinin İsmayıllı gəncləri ilə işgüzar görüşü keçirilmiş və əməkdaşlıq müqaviləsi  başlanmışdır.Hesabat dövründə  idman sahəsində 100 tədbir keçirilib ki, bunlardan 19-u Respublika, 13 Beynəlxalq tədbir olub. Zona, Respublika və Beynəlxalq yarışlarda qalib gələn idmançılarla bir qayda olaraq görüşlər keçirilir, onların müvəffəqiyyəti təqdir olunur, mükafatlandırılır.
         Xeyirxah əməl sahiblərinin Lahıc qəsəbəsində süni örtüklü mini futbol meydançası tikib istifadəyə verməsi də 9 ayın idman nailiyyətlərindəndir.    
Hesabat məruzəsinin müzakirəsi zamanı ağsaqqal ziyalı, əmək veteranı Cümşüd Hacıyev, şəhər inzibati ərazi dairəsi üzrə RİH başçısının nümayəndəsi Məhərrəm Əhmədov, ərazi ekologiya və təbii sərvətlər şöbəsinin müdiri Əlirza Əliyev , rayon mərkəzi xəstəxanasının  baş həkimi Avtandil Rəhimov və başqaları çıxış edərək uğurlardan, həlli vacib problemlərdən danışdılar.
         Rayon İcra Hakimiyyəti başçısının  kənd təsərrüfatı üzrə müavini Həsən Həsənov yeni layihələr barədə məlumat vermişdir.
        Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər