Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşamağın yolu işləməkdən keçir

26 mart 2013 | 16:00

İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Kürdmaşı kənd sakinləri ilə mədəniyyət evində keçirdiyi görüş bir daha hamıya bu həqiqəti çatdırdı ki, yaşamaq yolu işləməkdən keçir.
Mirdaməd müəllim çıxışında qeyd etdi ki, rayonun, o cümlədən Kürdmaşı kəndinin vəziyyəti tələb edir ki, torpağın, iqtisadiyyatın, sosial həyatın idarə olunmasına yeni düşüncə ilə yanaşılsın. Pay torpaqlarını satmaq yox, bir yerə qoyub, qüvvələri birləşdirib təsərrüfat yaratmaq lazımdır. Hərə öz torpağını çəpərə almaqla ondan fayda götürə bilməz. Yardım ummaq, nəyisə hazır gözləmək, öz ailəsinin təmin olunması məsuliyyətini icra orqanlarının üzərinə atmaq həyat yolu, yaşamaq yolu deyildir. Kürdmaşı vaxtı ilə varlı üzümçülük təsərrüfatı olub, ət-süd məhsulları istehsalı ilə tanınıb. Nə üçün bu və digər istiqamətlər üzrə təsərrüfatlar yaradılmasın. İvanovka kolxoz quruluşunu saxlayır. Siz də kooperativ, ictimai, kollektiv təsərrüfat yarada bilərsiniz. Biznes planlarınızı təqdim etməklə kredit ala bilərsiniz. Ailə və ev təsərrüfatları yaratmaq da məqsədəuyğun olardı.
Bütün planlarımız, proqramlarımız ona yönəlir ki, əhalinin ən azı 70 faizi işləsin. Hər evə pul gəlsin. Ələbaxımlıq yenə də rayonumuza yad olmalıdır. Hər kəsin fiziki imkanlarına uyğun işləməsi üçün şərait yaradılacaqdır. Bundan sonra hamıdan niyə işləmədiyi soruşulacaqdır.
Rayon icra hakimiyyətinin başçısı M.Sadıqov müəyyən etdiyi sosial-iqtisadı inkişaf proqramının şərhini verdikdən, həyata keçirilməsi yollarını göstərdikdən sonra qəbula-görüşə gələnləri dinlədi. Qaraməryəm-İsmayıllı yolunun yararsızlığından, su təchizatının zəifliyindən, bəzi evlərə qaz çəkilməməsindən şikayətlər oldu. Gənclər güləş bölməsinin məşqləri üçün zal istədilər. Bilavasitə bəzi sakinlərin öz ailələrinə aid olan problemlər də qabardıldı. İcra orqanlarının funksiyasına uyğun olan şikayətlərlə bağlı müvafiq idarələrə tapşırıq verildi. Hamıya işləmək, iş qurmaq tapşırıldı. Qəbul görüşün yüksək məziyyətlərindən biri də o idi ki, əhali şikayətlərlə, əsassız tələblərlə nəyəsə çata bilməyəcəyini, yaşamaq üçün, inkişafa nail olmaq üçün işləməyin vacib olduğunu yəqin etdi.

Keçidlər