Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq əlillər günü yüksək səviyyədə, qayğıkeşliklə qeyd edildi

03 dekabr 2014 | 16:00

Beynəlxalq əlillər gününü qeyd edərkən əhalinin bu qrupuna göstərilən qayğının dərəcəsini müəyyən etmək üçün bir az əvvələ qayıtmaq lazım gəlir. 2013-cü ilin məlum yanvar hadisələrindən sonra rayon icra hakimiyyətinin rəhbərliyi çox düzgün olaraq dəyişdirildi. Hər bir sakin bu müsbət dəyişikliyi görməli və dəyərləndirməli idi. Bunun üçün ilk növbədə bütün əlillərin sosial həyatı öyrənilməyə başlandı. Say tərkibi və əlillik dərəcəsi ilə DSMF-nun rayon şöbəsində, Əhalinin sosial müdafiəsi mərkəzində tanış olmaq mümkün idi. Lakin rayon icra hakimiyyəti bu yolla getmədi. 3 ay müddətində bütün yaşayış məntəqələrinə gedən rayon icra hakimiyyətinin nümayəndələri əlillərlə görüşdülər, onların ehtiyaclarını və problemlərini öyrəndilər. Əlillərin sosial həyat tərzinin yaxşılaşdırılması üçün proqram hazırlandı. Bütün aid strukturların mərhəmətli insanların imkanları bir araya gətirilərək proqramda nəzərdə tutulmuş tədbirlər indi müvəffəqiyyətlə həyata keçirilir. Rayon ərazisində olan 3 min nəfərə qədər fiziki cəhətdən müxtəlif kateqoriyalı əlil, xüsusilə Qarabağ müharibəsi əlilləri Dövlətimizin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı əhatəsindədir. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bütün bayram və mərasimlərdə, uyğun tarixi günlərdə olduğu kimi bu ilki Beynəlxalq Əlillər günündə də bu qayğını hər bir ünvana çatdırdı.
Hərəkət imkanı olmayan birinci qrup əlillərin, əlil balacaların, fərdi təhsilə cəlb edilmiş məktəb yaşlı uşaqların ünvanına sovqatlar göndərildi. Həkimlər də, digər xidmət işçiləri də sovqat aparanlarla birlikdə qayğıya ehtiyacı olan sakinləri yad etdilər. Hər bir ünvandan ardıcıl qayğıya görə ölkə rəhbərinin şərəfli adına minnətdarlıq eşidildi.
Əlillər gününün qeyd edilməsinin davamı “Qala” şadlıq sarayında 200 nəfərin iştirakı ilə baş tutdu. Əvvəlcə sarayın foyesində yaradıcılıq imkanları ilə seçilən əlillərin əl işlərindən, rəsm nümunələrindən ibarət satış-sərgiyə baxış keçirildi. Burada daha çox diqqəti cəlb edən eksponatlar Heydər Əliyev mərkəzindən və rayon  uşaq yaradıcılıq mərkəzindən gətirilmişdi. Uşaqlara və ailələrə dəstək mərkəzinin könüllüləri olan əlil uşaqların da əl işləri burda nümayiş etdirildi. Qayğıkeş, mərhəmətli insanlar çoxsaylı əl işləri və yaradıcılıq nümunələrini almaqla əlillərə maddi dəstək olurdular.
Qarabağ müharibəsi, Çernobıl faciəsi, İkinci Dünya müharibəsi və Əfqanıstan müharibəsi əlillərinin, ümumi əsaslardan əlil olanların bir araya gəldikləri məclisdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış etdi. Dövlətimizin, dövlət başçımızın Azzərbaycan vətəndaşları, xüsusilə müxtəlif səbəblərdən əlil olanlar üçün hər cür şərait yaratmasından, sosial problemlərinin həlli üçün onun çoxistiqamətli sosial siyasətinin verdiyi yüksək nəticələrdən, Qarabağ müharibəsi əlilləri üçün tikilmiş və tikilməkdə olan çoxsaylı yaşayış evlərindən, bərpa mərkəzləri şəbəkəsinin genişlənməsindən, İsmayıllıda da bu baxımdan çox iş görüldüyündən danışdı.  Diqqətə çatdırdı ki, 22 sentyabr 2014-cü il tarixdə Prezident İlham Əliyevin açılışını etdiyi mərkəzi xəstəxanada onların müalicəsi üçün hər cür şərait yaradılıb.
Çıxış edənlər problemlərindən yox (onlar ardıcıl və sistemli qaydada həll edilir), daha çox rayonda gedən müvəffəqiyyətli işlərdən, hər an hiss etdikləri dövlət qayğısından danışdılar. Bütün Azərbaycan xalqı ilə birlikdə İsmayıllı əhalisini xoşbəxt həyata qovuşdurduğu  üçün Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Rayon mədəniyyət və turizm şöbəsinin “Niyal” ansambılı, bağça uşaqları, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, uşaq incəsənət məktəbinin rəqqasları tədbirə əsil mənada şənlik gətirdilər.
Bir yerdə olduqları, bir araya gətirdikləri, birgə sevindikləri üçün hamı Beynəlxalq əlillər gününün təşkilatçılarından razı qaldılar.

Keçidlər