Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Gənc təsərrüfatçılar məktəbi”nin təsis konfransı keçirilib

17 sentyabr 2015 | 15:00

İsmayıllıda qeyri-neft sektorunun inkişafına töhfə verməklə kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi, orta ixtisas və peşə təhsilindən kənarda qalan gənclərə köməklik göstərilməsi məqsədilə “Gənc təsərrüfatçılar məktəbi” yaradılıb və bununla əlaqədar sentyabrın 17-də təsis konfransı keçirilib.
  “Qala” şadlıq sarayında keçirilən, sahibkarlıq fəaliyyəti ilə bilavasitə əlaqəli olan müvafiq qurumların nümayəndələrinin, fermerlərin, sahibkarların, gənclərin iştirak etdikləri təsis konfransını giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. Mirdaməd müəllim ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik və uğurlu islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü Dövlət Proqramları çərçivəsində görülən işlər, həyata keçirilən layihələr digər bölgələr kimi İsmayıllı rayonunda da dinamik inkişafı təmin edib.
Natiq ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışaraq bu sahədə son illər rayonda da xeyli uğurlu nəticələr qazanıldığını diqqətə çatdırıb. Bildirib ki, ölkə başçısının tövsiyə və tapşırıqlarını əsas tutaraq sahibkarların problemləri mütəmadi öyrənilir, onların qaldırdıqları məsələlərin həllinə əməli köməklik göstərilir.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru i.e.d., professor Əli Nuriyev “Gənc təsərrüfatçılar məktəbi”nin təsis olunmasının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, respublikamızda qeyri-neft sektorunun inkişafı prioritet məsələdir və son illər İsmayıllıda sənaye istehsalı 3,5 dəfə artıb. Bunun da 68 faizi özəl sektorun payına düşür. İndi regionlarda yeni, bilikli sahibkarlar nəslinin yetişdirilməsi özəl sektorun, o cümlədən aqrar sahənin inkişafında mühüm dönüş üçün çox zəruridir.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova təsərrüfatın idarəçiliyinin hələ qədim zamanlardan aktual olduğunu, bu işlə məşğul olanların bilik səviyyələrinin yüksək olmasının zəruriliyini vurğulayaraq bu gün İsmayıllıda təsis edilən və digər bölgələr üçün də nümunə ola biləcək “Gənc təsərrüfatçılar məktəbi”nə gələcək fəaliyyətində uğurlar arzulayıb.
İqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya-Məsləhət mərkəzinin baş direktoru Rəsul Balayev çıxışında kənd təsərrüfatında sahibkarlığın, özəl fəaliyyətin təşkilinin elmi-nəzəri və praktik əsaslarını şərh edib. Respublikada ilkin təcrübə olaraq “Gənc təsərrüfatçılar məktəbi”nin yaradılmasını çox gərəkli məsələ sayıb, mərkəzin bu yeni təsərrüfatçılıq məktəbinin ölkədə  nümunəyə çevirilməsi üçün ardıcıl tədbirlər həyata keçirəcəyini bildirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri Aqil Əsədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun baş məsləhətçisi Sərxanbəy Xuduyev müasir iqtisadi, elmi və sosial idarəetməyə gənclərin cəlbi yollarından, “Gənc təsərrüfatçılar məktəbi”nin rayonun inkişafına verəcəyi töhfələrdən danışmışlar.
Konfransda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımova və Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov RİH-nin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqovun ideya müəllifliyi ilə  “Gənc təsərrüfatçılar məktəbi”nin yaradılması üçün apardıqları uğurlu təşkilati işlərdən, hazırladıqları nizamnamə və tədris proqramından danışıblar.
Təsis konfransındakı digər çıxışlarda ictimai əsaslarla təsis edilən “Gənc təsərrüfatçılar məktəbi”nin nəinki təkcə sahibkarlıq fəaliyyəti üçün peşəkar kadrların yetişməsində, habelə orta ixtisas və peşə təhsilindən kənarda qalan gənclərin məşğuliyyəti baxımından böyük əhəmiyyəti vurğulanıb.
Konfransda “Gənc təsərrüfatçılar məktəbi”nin fəaliyyəti ilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən əməkdaşlıq sazişi imzalanıb. Qeyd edək ki, bu saziş heç bir tərəfin üzərinə maliyyə və ya digər maddi öhdəlik qoymamaqla məktəbin fəaliyyətinin təşkilində göstərəcəkləri köməkliyi müəyyənləşdirir, əməkdaşlıq niyyətlərini təsdiqləyir. Bununla da məktəbin ictimai əsaslarla fəaliyyəti təmin olunur.
Konfransda habelə məktəbin gələcək fəaliyyəti, müdavimlərin seçimi, müəllim kontingentinin formalaşdırılması və sair məsələlər də ətraflı müzakirə olunub.
Sonda təsis konfransının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər