“mygov” mobil tətbiqi – dövlət xidmətləri və sənədləriniz hər zaman yanınızda.
Hörmətli sakinlər və dəyərli vətəndaşlar!
Dövlət xidmətlərindən daha rahat, sürətli və əlçatan şəkildə istifadə etmək üçün yenilənmiş “mygov” mobil tətbiqindən yararlana bilərsiniz.
Tətbiq vasitəsilə bir sıra dövlət xidmətlərinə və vacib sənədlərə mobil telefonunuzdan operativ şəkildə çıxış əldə etmək mümkündür. Beləliklə, bir çox hallarda növbələrdə vaxt itirməyə və dövlət qurumlarına müraciət etməyə ehtiyac qalmır.
Elektron sənədlər hər zaman yanınızda
“mygov” tətbiqində aşağıdakı sənədlər və məlumatlarla tanış ola bilərsiniz:
şəxsiyyət vəsiqəsi;
sürücülük vəsiqəsi;
nəqliyyat vasitəsinin texniki pasportu;
avtomobil etibarnamələri;
yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr barədə məlumatlar.
Pensiyaçılar üçün güzəştlər
Tətbiqdə təqdim olunan “Sosial Tərəfdaş” kartı vasitəsilə pensiyaçılar tərəfdaş şəbəkələrində, o cümlədən aptek və mağazalarda nəzərdə tutulan güzəşt və endirimlərdən yararlana bilərlər. Alış-veriş zamanı telefonda təqdim olunan QR kodu və ya barkodu kassada göstərmək kifayətdir.
Tibbi məlumatlara elektron çıxış
“Sağlamlıq” bölməsində tibbi məlumat və sənədlərə elektron şəkildə baxmaq mümkündür:
tibbi arayışlar;
laborator analizlərin nəticələri;
elektron xəstəlik vərəqələri (E-bülleten);
peyvənd məlumatları;
elektron reseptlər.
Həmçinin övladların tibbi analiz və peyvənd məlumatlarına da tətbiq vasitəsilə baxmaq mümkündür.
Arayışlar və əmək məlumatları
Tətbiq üzərindən müxtəlif rəsmi sənədləri və məlumatları operativ şəkildə əldə edə bilərsiniz. Bunlara:
iş yeri haqqında arayış;
məhkumluq haqqında arayış;
subaylıq və ailə tərkibi haqqında məlumatlar;
fərdi şəxsi hesab barədə məlumatlar;
özünüməşğulluq proqramı ilə bağlı məlumatlar daxildir.
Qeydiyyatdan necə keçmək olar?
“mygov” mobil tətbiqindən istifadə etmək üçün onu mobil telefonunuza yükləyərək qeydiyyatdan keçmək kifayətdir.
Tətbiqi yükləmək üçün elanda təqdim olunan QR kodu mobil telefonunuzun kamerası vasitəsilə skan edə bilərsiniz.
Yaşlı vətəndaşlarımızdan və rəqəmsal texnologiyalardan istifadədə çətinlik çəkən sakinlərimizdən tətbiqin yüklənməsi və qeydiyyatdan keçilməsi zamanı övladlarının və ya yaxınlarının dəstəyindən yararlanmaları xahiş olunur.
Dövlət xidmətlərindən daha rahat və operativ istifadə etmək üçün “mygov” mobil tətbiqindən yararlanın!
Rəqəmsal imkanlardan birlikdə faydalanaq!






