Səyyar “ASAN xidmət” oktyabrın 1-dən İsmayıllıda fəaliyyət göstərəcək
Səyyar “ASAN xidmət” oktyabrın 1-dən İsmayıllı rayonunda fəaliyyətə başlayacaq və oktyabrın 29-dək rayon sakinlərinə müxtəlif xidmətlər göstərəcək.
Səyyar “ASAN xidmət” vasitəsilə vətəndaşlara Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumları tərəfindən xidmətlər təqdim olunacaq.
Göstəriləcək xidmətlər sırasında sürücülük vəsiqələrinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı xidmətlər və digər xidmətlər yer alır.
Bununla yanaşı, Səyyar “ASAN xidmət”ə müraciət edən vətəndaşlara funksional yardım xidmətləri də göstəriləcək. Bu xidmətlərə tibb və poçt xidmətləri daxildir.
Rayon sakinləri göstərilən müddət ərzində səyyar xidmətlərdən yararlanaraq bir sıra dövlət xidmətlərini yaşadıqları əraziyə yaxın məkanda əldə edə bilərlər.






