İsmayıllıda Konstitusiyanın 20 illiyi qeyd edildi.
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri ardıcıl olaraq Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilir. Noyabr ayının 12-də Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunmuş tədbir də idarəetmə məktəbinin növbəti məşğələsi çərçivəsində təntənə ilə burada qeyd olundu. Konstitusiyamızın baş memarı və yaradıcısı Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilən tədbirdə konstitusiya barədə məruzəni rayon məhkəməsinin hakimi Azad Əliyev etdi. Rayon prokurorunun köməkçisi Turxan Seyid, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Təranə Məmmədova və Qalınçaq kənd tam orta məktəbin direktoru Xalid Seyidov Konstitusiyamıza müxtəlif aspektlərdən yanaşmaqla təhlili çıxış etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yekunda söylədiyi nitqdə dedi:- Azərbaycan həyatının elə bir istiqaməti, elə bir sahəsi yoxdur ki, onun inkişafı, yeniləşməsi, müasirləşməsi, milli maraqlar üzərində qurulması ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı ilə bağlı olmasın. 20 illiyini qeyd etməyə toplaşdığımız Azərbaycan Respublikası Konstitusiyasının qəbulu da ulu öndərin xilaskarlıq missiyasının sona qədər yerinə yetirilməsinin təzahürüdür.Konstitusiya Azərbaycanda hüquqi dövlət yaradılmasının əsasadır. Dövlət müstəqilliyinin əbədiləşməsində hüquqi baza olan Azərbaycan Konstitusiyası Heydər Əliyevin dərin idrakının, qlobal düşüncəsinin, mənsub olduğu xalqın taleyi üçün özünü məsul bilməsinin, haqqa, ədalətə doğru inamlı, iradəli gedişinin nəticəsidir. Ümummilli liderimiz Heydər Əliyev 1995-ci ilin noyabr ayının 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın memarı və yaradıcısıdır. Bu gün ölkədə qazanılan nailiyyətlər, Azərbaycanın Beynəlxalq miqyasda söz sahibinə çevrilməsi məhz Prezidentimiz İlham Əliyevin Heydər Əliyev Konstitusiyasına əsaslanmasının nəticəsidir.
Rayonda bütün fəaliyyət sahələrinə Konstitusiyaya uyğun rəhbərlik edilir, insan hüquqları ən yüksək səviyyədə qorunur, əmək hüququnun həyata keçirilməsi üçün şərait yaradılır, sakinlərin zəngin həyata qovuşması üçün bütün imkan olan tədbirlər icra olunur.
Tədbir iştirakçıları foyedə ədəbi – bədii kompazisiyaya tamaşa etdilər.