“Ölkəmizi tanıyaq” tur- aksiya davam edir
İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 35 nəfərlik qrup noyabrın 16-da səhər “Ölkəmizi tanıyaq” devizi altında ayın 19-dək davam edəcək növbəti tur- aksiya çərçivəsində Qubaya yola salınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu layihə məktəblilər, valideynlər, ümumən rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb. İsmayıllının mərkəzi meydanında təşkil olunan yola salma mərasimində aksiya-tur iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər qoyublar.
Tədbirdə çıxış edənlər layihənin ölkə başçısının diqqət və qayğısının nəticəsi olduğunu söyləyib, tur-aksiyaları yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində, onların asudə vaxtlarının səmərəli və mənalı təşkilində böyük əhəmiyyətindən danışıblar.
Çıxışlarda, habelə vurğulanıb ki, indiyədək keçirilən tur-aksiyallarda İsmayıllıdan ümumilikdə 150 nəfərədək məktəbli Azərbaycanın ayrı-ayrı bölgələrində olublar. Dörd gün davam edəcək bu günkü səfər zamanı şagirdlər Quba, Qusar və Xaçmaz bölgələrini gəzəcək, bu yerlərin dünəni, bu günü barədə ətraflı bilgilər alacaq, şən və mənalı istirahət edəcəklər.
Səfərdən böyük təəssüratla qayıdacağına əminliyini bildrirən XI sinif şagirdi Samirə Mikayılova deyib:”Azərbaycanmızın şimal ərazilərinə getmək, gəzmək çoxdankı arzum idi. Prezdentimizə çox-çox minnətdaram ki, onun tapşırığı ilə reallaşdırılan “Ölkəmizi tanıyaq” tur- aksiya çərçivəsində bu arzuma çatacağam. Etiraf edim ki, gedəcəyimiz rayonlar barədə o qədər də dərin bilgim yoxdur. Şimal bölgəmiz barədə yalnz kitablardan, mətbuatdan oxumuşam. Axı, oxuyub öyrənməkdənsə, gəzib, görüb öyrənmək daha yaxşıdır. İndi mən və yoldaşlarım Qubaya gedirik, Qusarda, Xaçmazda da olacağıq. Vətənimizin bu gözəl guşələri ilə dərindən tanış olacağıq. Bu tanışlıq da o yerləri bizlərə daha çox sevdirəcəkdir”.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov, valideyn Bayram Rəhimov çıxış edib şagirdlərə yaxşı yol arzulayıblar.