Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonu tur-aksiya iştirakçıları olan məktəblilərdə dərin təəssürat yaradıb

16 noyabr 2015 | 16:00

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın ümumtəhsil məktəblilərinin yuxarı sinif şagirdləri üçün keçirilən növbəti tur-aksiya çərçivəsində noyabrın 15-də 8 rayondan, o cümlədən Abşeron, Qusar, Quba, Şabran, Siyəzən, Sumqayıt, Xaçmaz, Xızı bölgələrindən olan 280 nəfərədək məktəbli üç qrupda İsmayıllı rayonuna gəliblər.
İsmayıllının mərkəzi meydanında təntənəli şəraitdə qarşılanan tur-aksiya iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlara Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlər barədə, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqda ətraflı bilgilər verilib.
Sonra tur-aksiya iştirakçıları üçün rayon mədəniyyət mərkəzində yerli musiqiçilərin ifasında konsert verilib.
İsmayıllı şəhəri ilə tanış olan şagirdlər respublikamızın bu gözəl diyarı barədə, onun flora və faunası, mədəni, sosial-iqtisadi həyatı haqda geniş məlumatlandırılıblar. Vurğulanıb ki, Böyük Qafqaz dağlarının cənub yamaclarında yerləşən rayonun ərazisindən Girdiman, Göyçay və Ax-ox çayları keçir. Babadağ yaxınlığında, dəniz səviyyəsindən 3400-3500 metr yüksəklikdə bir-biri ilə yanaşı üç təbii göl, 50-25 metr hündürlükdə şəlalələr bu yerlərin təbii sərvətidir. Ərazisində 70 min hektaradək meşə vardır.
İsmayıllı tarixi abidələri ilə də zəngindir. Xanagah kəndi yaxınlığında XVIII əsrə aid Qız qalası, Sulut kəndində XVIII əsrə aid olan Fitdağ məscidi, inşası Qafqaz Albaniyasının hökmdarı Cavanşirin adı ilə bağlı olan, VII əsrə aid qala və digər abidələr bu gün bölgəyə gələn hər kəsdə dərin təəssürat yaradır.
Lahıc, Basqal tarix-mədəniyyət qoruqları, el sənətkarları barədə məlumatlar məktəblilər tərəfindən son dərəcə maraqla qarşılanıb.
Sonra tur-aksiya iştirakçıları rayonda rusların məskunlaşdığı İvanovka kəndində olublar. Mehribanlıqla qarşılanan məktəblilər Azərbaycanda tolerantlıq nümunəsinin bir məkanı barədə böyük təəssürat əldə ediblər.
Axşamüstü tur-aksiya iştirakçıları Qəbələyə yola salınıblar.

Keçidlər