Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Beynəlxalq Gənclər Forumu

17 noyabr 2015 | 16:00

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı sentyabrın 1-dən başlayaraq 3 ay müddətində davam edən "Gənclər siyasətinin Azərbaycan modeli” Beynəlxalq Gənclər Forumu adlı maarifləndirmə, təcrübə-informasiya mübadiləsi və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan layihənin icrasına başlayıb.
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin təşəbbüsü  ilə gerçəkləşən Beynəlxalq Gənclər Forumu "Gənclərin fəal iştirakına nail olaq” devizi və çağırışı altında 15-19 noyabr tarixlərdə İsmayıllı rayonunda təlimlərə başlayıb. “İsmayıllı 2015-Gənclər Paytaxtı”nda gerçəkləşən bu təlimdə 13 ölkənin 22 nəfər gənci iştirak edir.
Beynəlxalq Gənclər Forumunun işində İspaniya, Belçika, Polşa, Bolqarıstan, Macarıstan, Latviya, Xorvatiya, Türkiyə, Makedoniya, Bosniya və Herseqovina, Ukrayna, Moldova və Gürcüstan ölkələrinin gəncləri təmsil olunurlar.
16 noyabr 2015-ci il tarixdə     Heydər Əliyev Mərkəzində Beynəlxalq Gənclər Forumunun rəsmi açılışı olub. Foruma ölkə rəsmilərindən dəvət olunmuş Azərbaycan Respublikası Prezidenti Administrasiyasinin gənclərlə iş sektorunun müdiri Vusal Quliyev, İsmayıllı RİH-nin başçısının birinci  müavini Rövşən Ağayev, Gənclər və İdman nazirliyinin sektor müdiri Fuad Babayev, Prezident Yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, “İrəli” Gənclər Təşkilatının sədri Mirhəsən Seyidov iştirak ediblər.
Tədbiri Demokratik Tələbə gənclər təşkilatinin sədri Asif Əsgərov açıb. Forumun proqramına plenar hissə ilə yanaşı 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə və informasiya mübadiləsi şəbəkəsinin qurulması, İsmayıllı Bəyannaməsinin qəbulu, kitab çapı və yayımı daxildir.
Ölkəmizdə aparılan gənclər siyasətinin  uğurlu  nəticələri forum iştirakçılarının diqqətinə çatdırılıb. Bu sahəyə xüsusi dövlət qayğısının nəticəsi olaraq gənclərimizin fərdi  şəkildə layihələrinin maliyyələşdirilməsi, xarici ölkələrdə ali təhsil almaları, sahibkarlığın müxtəlif sahələrində uğurlu nəticələr əldə etməsi, dövlətin idarə olunması məqsədilə onların qulluğa cəlb edilməsi ölkəmizdə aparılan gənclər siyasətinin parlaq təzahürü olduğu vurğulanıb. 
Forumda xarici ölkə gəncləri Azərbaycanın uğurlu gənclər siyasətinin öz ölkələrində də tətbiq edilməsində yaxından iştirak edəcəklərini diqqətə çatdırıblar. Eyni zamanda müvafiq mövzuda onları maraqlandıran suallar geniş şəkildə cavablandırıldı.
Forumda iştirak edən forum iştirakçıları və təşkilatçılarına rayon İcra Hakimiyyəti   İsmayıllını simvolizə edən hədiyyələr təqdim edib.
Layihə Azərbaycanın gənclər siyasəti modelinin əcnəbi gənclərə təbliği, bu sahədə gənclərin  əməkdaşlıq təşəbbüsü, ölkə Prezidenti cənab  İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının və "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın müvafiq tədbirlər planınında nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.
Davam edən layihə çərçivəsində qonaqlar İsmayıllının tarixi yerləri və abidələri ilə yaxından tanış edilir.
Layihə 19 noyabr 2015-ci il tarixdə  yekunlaşacaqdır.

Keçidlər