Şriftin ölçüsü :

Saytın rəngi :

Kitabxana işçilərinin Şirvan zonası üzrə müşavirəsi keçirildi.

19 noyabr 2015 | 16:00

Noyabrın 18-də İsmayıllı rayonu Uşaq kitabxanasında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə kitabxana işçilərinin Şirvan zonası üzrə müşavirəsi keçirildi.
Müşavirədə Şirvan, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ, Qobustan, Kürdəmir, Göyçay, Hacıqabul və Oğuz kitabxanaçıları iştirak ediblər.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev əvvəlcə Uşaq kitabxanası ilə tanış olub. Ona kitabxanada yaradılan şərait, kitab fondu və oxucular barədə ətraflı məlumat verilib.
Müşavirə müasir dövrdə kitabxanaların rolu, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALISA) tətbiqi və digər aktual məsələlərə həsr olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasının bölgələrin mədəni həyatına da müsbət təsir göstərdiyini, yerlərdə yeni muzeylər, musiqi məktəbləri, mədəniyyət mərkəzləri və kitabxanaların istifadəyə verildiyini bildirib.
Eyni zamanda yerlərdə kitabxanaların işinin müasir səviyyədə təşkili ilə bağlı çatışmazlıqlara toxunan Vaqif Əliyev bildirib ki, elektron informasiya əsrində kitabxanalar öz fəaliyyətini dövrün tələblərinə uyğun qurmalıdır: “Kitabxanaların geniş ictimai maraq doğuran mədəniyyət ocaqları kimi əvvəlki imicinin geri qaytarılmasına, onların yeni reallıqlara uyğun informasiya təminatını həyata keçirməsinə nail olmalıyıq”.
Vaqif Əliyev regionlardakı kitabxanalarda ixtisaslı və ali təhsilli kadrların çatışmazlığının da narahatedici məqamlardan olduğunu diqqətə çatdırıb.
Mədəniyyət və Turizm Nazirliyi sektor müdiri Lətifə Məmmədova Şirvan zonasındakı Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində olan kitab fondları, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Slayd vasitəsilə mövcud vəziyyəti təqdim edib, eyni zamanda mövcud problemlər barədə danışıb.
Müşavirədə kitabxanaların işinin daha da təkmilləşdirilməsi üçün müxtəlif mövzularda müzakirələr və fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan kitabxanalarını vahid şəbəkədə birləşdirən ALISA-nın təqdimatı olub.
Sistemdən istifadə zamanı mütəxəssislər tərəfindən müşahidə edilən problemlər və onların həlli məsələləri də nəzərdən keçirilib.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında ALISA sisteminin tətbiqi, rayon və şəhər kitabxanalarının əməkdaşları üçün keçirilən silsilə treninqlər barədə danışıb.

Keçidlər