İsmayıllı və Evian-Le-Ba şəhərləri arasında dostluq və əməkdaşlıq xartiyası qüvvəyə minib
15 dekabr 2015 | 16:00
Fransanın Evian-Le Ba şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında qarşılıqlı dostluq və əməkdaşlıq xartiyası imzalanıb.
İmzalanma mərasimində çıxış edən Evian-Le Banın meri Mark Fransina Azərbaycan nümayəndə heyətini şəhərdə görməkdən məmnunluğunu bildirib. O, xartiyanın mədəniyyət sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlardan, xüsusilə əldə edilmiş iqtisadi nailiyyətlərdən danışıb. O, xartiyanın dövlətimizin başçısının apardığı xarici siyasətin uğurlu nəticəsi olduğunu qeyd edib.
İcra başçısı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəni irsimizin qorunub saxlanmasına töhfələrindən danışaraq onun dəstəyi ilə Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Tərəflər xartiyanın bütövlükdə ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.
Sonra İsmayıllı Şəhər İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov və Evian-Le Ba şəhərinin meri Mark Fransina dostluq və əməkdaşlıq xartiyasını imzalayıblar.
Xartiyanın məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, görüşlər və mübadilələr vasitəsilə mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə təkan verməkdir.
Müvafiq beynəlxalq hüquqi qaydalara uyğun olaraq, xartiya hər iki şəhərdə imzalandıqdan sonra qüvvəyə minir.
Bu ilin may ayında həmin xartiya Evian-Le-Ba şəhərinin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı İsmayıllıda imzalanmışdı.