İsmayıllının “Elay” şadlıq sarayında gənclərin bal-karnavalı
İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon gənclər və idman idarəsinin və “İnnovasiya mərkəzi”nin icraçılığı ilə “Elay” şadlıq sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gənclərin bal-karnavalı keçirilib. 2015-ci il “Azərbaycanın Gənclər Paytaxtı”nın gündəlik həyatda, idmanda, sosial şəbəkələrdə, intellektual oyunlarda çalışdığı sahədə fəallıq göstərən gəncləri incəsənətdə, musiqidə və rəqslərdə də bacarıqlı olduqlarını göstərdilər. “Miras” İctimai birliyinin bir qrup üzvü də bal-karnavalın iştirakçıları sıralarında idilər.
Şadlıq sarayı bayramlara və gənclərin ruhuna uyğun bəzədilmişdi. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, hüquq şöbəsinin müdiri Xətai Abbasov və RİH-nin digər gənc əməkdaşları təntənəli bayram tədbirində iştirak edirdilər.
Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov çıxış edərək RİH-nin başçısı, ölkə rəhbərinin gənclərə qayğısının hər bir ünvana çatdıran, onların məşğulluğununn artırılması üçün ardıcıl tədbirlər həyata keçirən Mirdaməd Sadıqovun adından iştirakçıları təbrik etdi. “Gənclər paytaxtı” çərçivəsində il boyu keçirilən ictimai-siyasi, ideoloji, intellektual, hərbi vətənpərvərlik tərbiyəsi, idman tədbirlərindən, müxtəlif mövzulu müsabiqələrdən danışdı. Ən fəalları diplomlarla təltif etdi.
Bir neçə saat davam edən bayram şənliyinin iştirakçıları ifa etdikləri mahnı, şer və rəqslərlə bir daha göstərdilər ki, sosial həyatda, əmək fəaliyyətində necə müasirdilərsə, necə fəaldırlarsa, mədəniyyət və incəsənətdə də o səviyyədədirlər.
Bal-karnavalın iştirakçıları, xüsusilə “Miras” ictimai birliyinin üzvləri İsmaıllı üçün 2015-ci ildə baş vermiş üç fərəhli hadisəni böyük sevinclə qeyd etdilər: İmayıllı 2015-ci ildə “Azərbaycanın gənclər paytaxtı” seçilib, Basqal kəlağayısı və “Lahıc misgərlik sənəti” UNESKO-nun qeyri-maddi-mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.