“Sağlam cəmiyyətə doğru”
07 yanvar 2016-cı il tarixdə İsmayıllı rayon Uşaq Kitabxanasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyi “Sağlam cəmiyyətə doğru” təbliğat tədbiri keçirdi.
Tədbirdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov qısaca olaraq zərərli vərdişlərin törətdiyi fəsadlar barədə məlumat verdi. O qeyd etdi ki, İsmayıllı gəncliyi daha çox idmana meyilli olduğu üçün sağlam həyat tərzi yaşayır və asudə vaxtlarını səmərəli keçirir. Eyni zamanda gənclərimizin böyük əksəriyyətini savadlı, ziyalı təbəqə təşkil edir.
Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov İsmayıllıda narkomaniyanın vəziyyəti barədə məlumat verərək rayonda narkomaniyanın geniş vüsət almadığını vurğuladı. Bildirdi ki, rayonumuzda zərərli vərdişlərə yoluxanların sayı azdır. Zərərli vərdişlər və narkotik aludəçiliyinin hüquqi cəhətdən qanunvericiliyə müvafiq məsuliyyətə cəlb olunmasını gənclərin diqqətinə çatdırdı.
“Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyinin sədr müavini Leyla Yolçiyeva narkomaniyaya yoluxma mərhələləri haqda ətraflı məlumat verdi. Narkomaniyanın yalnız narkotik və psixotrop maddələrin istifadəsi zamanı deyil, eyni zamanda müxtəlif asılılıq yaradan oyunların da səbəb olacağını öz nitqində səsləndirdi.
“Bizim Gənclik” İctimai Birliyinin sədri Sona Əlizadə ictimai birlik olaraq qarşıya qoyduqları məqsədlər barədə çıxış etdi. Məqsədin geniş toplumu maarifləndirmə olduğunu söyləyərək, tədbir iştirakçısı olan hər bir gəncdən onların işində kömək etməyini rica etdi. Narkomaniyanın vətənə xəyanətə, milli mənəvi dəyərləin məhvinə yol açdığını misallarla tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Fəal gənclərimiz mövzu ilə əlaqədar fikir və təkliflərini səsləndirdilər.