Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda istehlak bazarına nəzarət üzrə komissiya yaradılıb

13 yanvar 2016 | 16:00
Yanvarın 13-də İsmayıllı Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə dünya iqtisadiyyatında yaşanan böhranın, neftin qiymətinin sürətlə aşağı düşməsinin Azərbaycandan da təsirsiz ötüşmədiyi, manatın devalvasiyası şəraitində istehlak bazarında bəzi iş adamları tərəfindən süni qiymət artımı ilə yaşanan vəziyyət geniş təhlil olunub, vəzifələr müəyyənləşdirilib, aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Ərazi icra nümayəndələrinin, hüquq mühafizə orqanları rəhbərlərinin, sahibkarların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri müşavirəni açan və mövcud reallıqları ətraflı şərh edən icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yaranan şəraitdən sui-istifadə etməyə çalışan işbazların istehlak bazarında qiymətləri süni şəkildə qaldırmalarından danışıb.
İclasda ötən mövsümdə 103 min ton taxıl istehsal olunan İsmayıllının istehlak bazarında unun, yerli istehsal olan bir sıra meyvənin, yumurtanın alıcılara yüksək qiymətə təklif edilməsinin anlaşılmaz olduğu, bu sahədə bir sıra işbazların tutduğu yanlış, antimilli mövqe kəskin tənqid edilib, Prezident İlham Əliyevin belə hallara qarşı qətiyyətli mövqeyi diqqətə çatdırılıb. Bildirilib ki, qiymətlərdə süni şişirtmələrə yol verənlər sərt cəzalandırılacaqlar.
Açıq dialoq şəraitində keçən müşavirədə çıxış edən sahibkarlar, o cümlədən “İsmayıllı Quşçuluq” MMC-nin direktoru Zahid Qardaşov, çörəkbişirmə sexinin sahibi Asudə Babayeva, ərzaq məhsullarının topdansatış mağazasının müdiri Nasir Kamilli və başqaları süni qiymət artımlarının məsuliyyətsiz, insanlığa yaraşmayan hərəkət olduğunu bildiriblər. Qeyd edilib ki, xariclə bağlı olmayan yerli məhsulların qiymətində artım halları yalnız bu vəziyyətdən sui-istifadə edərək əlavə gəlir qazanmağa çalışan möhtəkirlərin fəaliyyətinin nəticəsidir. Xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətlərini artırmaq cəhdləri də müşahidə olunur ki, bu, yolverilməz haldır. Meyvə-tərəvəz, yumurta, ağartı məhsulları və s. yerli istehsal xarakterli məhsullardır. Onların qiymətində artım yalnız möhtəkirliyin nəticəsidir.
Rayon prokurorluğunun müstəntiqi Eldar Məmmədov müşavirədə çıxış edərək, süni qiymət artımına yol verməklə, istehlakçıları aldadanların qanunla məsuliyyət daşıdıqlarını şərh edib, sualları cavablandırıb.
Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevin sədrliyi ilə istehlakçıların hüquqlarının qorunması üzrə komissiya yaradıldığı qeyd olunub. Bu cür komissiyaların kənd ərazi nümayəndəliklərində də yaradılması, onun tərkibinə ağsaqqalların, ziyalıların, gənclərin cəlb edilməsi tövsiyə edilib.
Komissiyalara rayonda istehlak bazarına mütəmadi olaraq nəzarət etmək, hər bir şikayəti operativ surətdə araşdıraraq konkret tədbirlər görmək barədə tapşırıq verilib.
 
 
Keçidlər