20 yanvar şəhidləri yad edilib
İsmayıllı rayon Telekominukasiya idarəsində 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə iştirak edən Rayon İcra hakimiyyəti aparatının məhsul işçisi Şahin Hüseynov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, 26 il əvvəl ölkəmizin ərazi bütövlüyünü pozmaq cəhdləri geniş miqyas almışdı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridilmişdir. Həmçinin də 20 Yanvar faciəsi ilə bağlı ilkin araşdırma SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində “cinayət tərkibi olmaması” qənaətinə gəlimişlər.
Ardınca Azərpoçt MMC-nin İsmayıllı poçt filialının müdiri Şöhbət Pənahov, İsmayıllı Telekommunikasiya Qovşağının nümayəndəsi Elxan Əliyev və digərləri çıxış etmişlər. Çıxışlarda vurğulanmışdır ki, qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilmiş, faciənin günahkarlarının adları açıqlanmışdır. Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda ulu öndərin heç bir şeydən çəkinmədən Azərbaycan Respublikasının Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu aşkaranə şəkildə nümayiş etdirməsi minnətdarlıq hissi ilə xatırlanmışdır. Azərbaycan xalqı 20 yanvar qurbanlarının xatirəsini bu gün də əziz tutulur.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq konkret göstərişlər verir, kompleks tədbirlər həyata keçirilərək onlara lazımi diqqət və qayğı göstərildiyi söylənilmişdir.