Şəhidlər xiyabanının ziyarəti, 20 yanvara həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi.
20 yanvar 2016-cı il tarixdə səhər saat 8-dən başlayaraq ümumxalq hüzn gününə uyğun musiqi səsləndirilib.Yeni quraşdırılmış monitorda 20 yanvar dəhşətlərini və faciəyə qarşı çıxan xalqımızın dəyanətini, vətənpərvərliyini əks etdirən filimlər yayımlanıb. Dövlət bayraqları endirilib. Qanlı yanvarın məhrumiyyətlərinə dözüb, sinə gərib ölkəsinin müstəqilliyinə nail olan Azərbaycanın dövlətə sədaqəti, vətənə məhəbbəti ilə seçilən İsmayıllı rayon sakinləri Heydər Əliyev prospekti boyu yürüşə qoşularaq Şəhidlər xiyabanını ziyarət ediblər. Məzarlar al qərənfillərə bələnib. Şəhidlərin ruhuna Quran oxunub.Məscidlərdə ümumxalq hüzn gününə uyğun mərasimlər keçirilib.
Minlərlə sakin- veteran,pensiyaçı, Qarabağ müharibəsi əlili, şəhid ailəsi, icra və hüquq mühafizə orqanlarının əməkdaşları, şəhər və yaxın kəndlərin sakinləri, yuxarı sinif şagirdləri saat 9-dan başlanan ziyarətdə iştirak ediblər.
Rayon icra hakimiyyətinin, hüquq mühafizə və ədliyyə orqanlarının əməkdaşları, ictimaiyyətin, Qarabağ müharibəsi veteranlarının nümayəndələri böyük bir qrup ziyarətçi ilə mədəniyyət mərkəzinə qayıdıblar. Saat 12-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “20 yanvar istiqlalımızın ilk şəhidlik zirvəsidir” mövzusunda çıxış dinlənilib.
Rayon mədəniyyət və turizm şöbəsinin 20 yanvar faciəsinin dəhşətlərinin, xüsusilə 19 yanvardan 20 yanvara keçən gecənin qanlı olaylarının əksi olan ədəbi-bədii kompozisiya nümayiş etdirib.
Əlil Sahibkarlar Təşkilatı ictimai birliyi və Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək ictimai birliyi digər ictimai birliklər və QHT-lərin nümayəndələri ilə “Şəhidlər xiyabanı”nda ziyarətdə və mədəniyyət mərkəzindəki mərasimdə iştirak ediblər. “Ölümə qənşər” filmi nümayiş etdirilib, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər sərgilənib.
20 yanvar faciəsinin 26-cı ildönümü tədbirləri insanları vətən mövqeyində, məslək,əqidə və torpaq uğrunda mübarizədə bir daha möhkəmləndirdi.