İsmayıllıda Xocalı faciəsinin 24-cü ildönümü kütləvi yürüşlə qeyd edilib
26 fevral 2016-cı il tarixədək Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar ümumtəhsil orta məktəblərində, say tərkibindən asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda ziyarətlər, hüzn məclisləri, dəyirmi masa arxasında söhbətlər, ədəbi-bədii kompozisiyalar, yürüşlər, rəsm və inşa müsabiqələri, şəhidlərin xatirəsinə həsr olunmuş idman turnirləri ilə qeyd edilib.
26 fevral saat 9-dan başlayaraq Xocalı faciəsinə-soyqırımına həsr olunmuş videofilmlər, film-xronikalar, erməni vəhşiliklərini əks etdirən faciəvi səhnələr mərkəzi meydandakı monitorda nümayiş etdirilib. 5000 nəfərədək rayon sakini Rayon İcra Hakimiyyətinin rəhbərliyi öndə olmaqla “Ana harayı” abidəsinə yürüş etmək üçün meydana toplaşıb. Bütün zamanlarda baş vermiş soyqırımları simvolizə edən “Ana harayı” abidə-kompleksi Mübariz Orucov küçəsi ilə Nizami küçəsinin qovuşuğunda yerləşib.
İştirakçılar əllərində “Xocalıya ədalət” Beynəlxalq kompaniyasının gedişini əks etdirən, faciə səbəbkarlarını lənətləyən, gəncləri mübarizəyə səsləyən plakatlar tutaraq Mərkəzi meydandan soyqırımı abidəsinədək yürüş ediblər. Ana harayı abidəsini və Qarabağ müharibəsində şəhid olan vətən övladlarının adları yazılmış lövhələrin önünə gül dəstələri, əklillər qoydular. Şəhər 6 saylı tam orta məktəbin 200 nəfərə qədər şagirdi flaşmobla “Xocalı-24”, “Qarabağ” sözlərini yazdılar, canlı Azərbaycan bayrağı yaratdılar. Yürüş-ziyarətdən sonra İsmayıllı şəhər Mədəniyyət mərkəzində Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya və “Xoca” filmi nümayiş etdirildi.