İsmayıllıda Novruz bayramı
20 mart 2016-cı il tarixdə milli Novruz bayramı İsmayıllıda təntənəli şəkildə qeyd olunub. Geniş, məzmunlu və əhatəli ssenari əsasında hazırlanmış bayram şənliyi bəzədilmiş faytonların, musiqiçilərin müşayiəti altında şəhərin küçələrini gəzməklə, carçıların əhalini bayram tədbirinə dəvəti ilə başlayıb. Milli ruhda bəzədilmiş Mərkəzi Meydana 5000-dən çox tamaşaçı yığışmışdı. Əl işlərindən, sənətkarlıq nümunələrindən, sənaye və kənd təsərrüfatı məhsullarından, milli kulinariyadan ibarət sərgiyə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri maraqla tamaşa ediblər.
Musiqi sədaları altında Dədə Qorqud xalqı Novruz bayramı, baharın gəlişi münasibəti ilə təbrik edib. RİH başçısı Mirdaməd Sadıqov, şair Musa Yaqub, təqaüdçü müəllim Səkinə Məmmədova Mərkəzi Meydanda çatılmış tonqalı alovlandırıblar. Sərkərdə Cavanşir, Bahar qızı meydana daxil olub, tamaşaçıları salamlayıblar. Dörd çərşənbə rəmzi olaraq meydanı dolanıb, tamaşaçılarla görüşüb. Bayram şənliyi Kosa və Keçəlin məzəli əhvalatları ilə davam etdirilib. Müğənni Sahibə Abdullayevanın, Aşıq Yanvarın, muğam müsabiqəsi qalibi Kamilə Nəbiyevanın, Rövşən Teyyubovun, İntiqam İbrahimovun, Sevil İsmayılqızının, İsmayıl Abbasovun və başqalarının ifa etdikləri mahnılar bayram şənliyinə yeni ovqat gətirib. Novruz şənliyinə həsr olunmuş ümumrayon tədbirində idmançıların və kəndirbazların çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bayram şənliyi “Novruz bayramınız mübarək olsun” mahnısının sədaları altında sona çatıb.