“Dağ çiçəkləri” ədəbi məclis üzvləri ilə daha bir görüş keçirilib
Son illər İsmayıllıda ədəbi bir mühit formalaşıb, mənəvi sahəyə, yaradıcı insanlara rayon rəhbərliyi tərəfindən diqqət və qayğı gücləndirilib. Kitab müzakirələri, şair və yazıçılarla, elm adamları ilə görüşlər müntəzəm xarakter daşımaqla, gənclərin mənəvi və intelektual inkişafında əhəmiyyətli rol oynamağa əsas verib.
Martın 23-də Rayon Mədəniyyət Sarayında “Dağ çiçəkləri” ədəbi məclis üzvləri ilə keçirilən növbəti görüş xarakteri və məzmunu etibarı ilə yaddaqalan olub.
Tədbiri rayonun ağsaqqal ziyalısı, vaxtilə rayon qəzetinə və təhsilinə rəhbərlik etmiş dövlət qulluğu veteranı Valeh Salehov açmış, sözü RİH-nin başçısı Mirdaməd Sadıqova vermişdir. M.Sadıqov bu cür tədbirlərin inkişafına həmişə dəstək duracağını ifadə etmişdir.
Şair Şahməmməd Dağlaroğlunun aparıcılığı ilə davam etdirilən görüşdə “ Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri Nazir Ziya Talıstanlı və üzvləri şeirlərini oxudular.
Məclis üzvləri ilə görüşdə iştirak edən şair Maarif Soltan hələ 60-cı illərdən Musa Yaqubun təşəbbüsü və rəhbərliyi ilə həyata vəsiqə alan məclisin bu gün də yüksək səviyyədə fəaliyyəti barədə danışmış, özünün də vaxtilə bu ədəbi məclisin üzvü olduğunu qeyd etmiş, məclis üzvlərinə bir sıra tövsiyələr vermişdir.
Tədbirin sonunda məclis üzvlərinə RİH başçısının hədiyyələri verilmiş, xatirə şəkli çəkilmişdir.