İsmayıllı rayon İcra Hakimiyyəti 2016-cı ilin 3 ayının yekunları barədə hesabat verir.
15 aprel 2016-cı il tarixdə rayon İcra hakimiyyətinin akt zalında 2016-cı ilin 3 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.
İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, aprel ayı ölkəmizin, xalqımızın, ordumuzun qüdrətinin, torpaqlarımızı işğaldan azad etmək əzminin nümayişi ilə başlayıb. Tarixi düşmənlərimiz olan ermənilərin növbəti təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Çox böyük hərbi-strateji əhəmiyyəti olan yüksəkliklər geri qaytarılıb. Düşmən təxribatına qarşı döyüşən bir neçə əsgərimiz, hərbi qulluqçularımız şəhid olub. Onların dəfn mərasimi ümumxalq hüznü kimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi ilkin qələbə xalqımızı heç zaman olmadığı bir vətənpərvərlik, vətənsevərlik səviyyəsinə qaldırıb, Böyük Qələbəyə çatmaq yolunu göstərib.
Sonra Vətən uğrunda şəhid olan Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hesabat məruzəsi ilə çıxış edən RİH başçısı Mirdaməd Sadıqov bildirib ki, birinci rübdə büdcə gəlirləri 106 faiz icra olunub. Yerli mənbələrdən daxilolmalar 102 faiz təşkil edib.
Ötən 3 ay əsasən qış fəslinə düşsə də, tikinti-quruculuq işlərində fasilə yaranmayıb. M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının, Velosiped zavodunun, “İsmayıllı SES-2”-nin, Keyvəndi kəndində “AZZA-Aqro” MMC tərəfindən inşa edilən 1500 başlıq heyvandarlıq kompleksinin,Qalınçaq kəndində ildə 1000 ton quş əti istehsalı gücü olacaq hind toyuğu fabrikinin, “Yaşıl marketin” tikintisi, İsmayıllı şəhəri ərazisindəki küçələrin abadlaşdırılması və asfaltlaşdırılması davam etdirilib.
Kənd təsərrüfatı istehsalının ixtisaslaşması, daha çox gəlir gətirəcək sahələrin bərpası və inkişafı üçün mütəxəssislərin fəal iştirakı ilə tədbirlər müəyyənləşdirilir. Baramaçılığın və tütünçülüyün bərpası, tərəvəz və bostançılıq sahələrinin genişləndirilməsi, intensiv meyvəçiliyin inkişafı rayon icra hakimiyyətinin bu il üçün olan əsas vəzifələri sırasındadır. Keçən ildən başlanğıcını götürən istixana təsərrüfatının yaradılması bu il daha geniş miqyas alacaqdır.
Rayon icra hakimiyyəti süni qiymət artımının qarşısını almaq məqsədilə Novruz Bayramı ərəfəsində 6 gün yarmarka təşkil edib. Buraya çıxarılan məhsullar bazar qiymətindən 25-30 faiz aşağı qiymətə satılıb.
Şəhər ərazisində gündəlik istehsal gücü 12 ton olacaq kartof emalı zavodunun inşasına başlanmışdır. Bu həm də İsmayıllı üçün ənənəvi olan kartofçuluğun inkişafına böyük təkan olacaqdır.
İş adamları, QHT-lər, digər maraqlı fiziki və hüquqi şəxslər tərəfindən də bir çox sənaye və aqrar istiqamətli layihələr həyata keçiriləcək.
İsmayıllı Telekommunikasiya qovşağı birinci rübdə 204,5 min manat gəlir əldə edib, poçt filialı tarif gəlirləri proqnozunu 121,4 faiz yerinə yetirib. 1005 aztəminatlı ailəyə ünvanlı sosial yardım verilir. DSMF rayon şöbəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları tam yığılıb.
Regional Təhsil idarəsi, Regional Maliyyə Mərkəzi, Regional Mədəniyyət və Turizm İdarəsi, Heydər Əliyev Fondu tərəfindən Regional İnkişaf İctimai Birliyi və Regional Multikulturalizm Mərkəzinin İsmayıllıda yaradılması da birinci rübə düşür, rayondakı şəffaf və işgüzar mühitə verilən qiymət kimi qəbul edilir. Həm də bu sahələr üzrə RİH-nin məsuliyyətini bir daha artırır.
Dövlət təhsil, gənclər, idman siyasətinin həyata keçirilməsində də böyük uğurlar qazanılıb.
Rayon İcra hakimiyyətinin yerlərlə əlaqəsi daha da genişlənib, yaşayış məntəqələrində müntəzəm olaraq səyyar görüş-qəbullar keçirilib. 1856 nəfər rayon sakini bu tədbirlərdə iştirak edib.
Məruzə ətrafında müzakirələrdə aqranom Ağarıza Zülfüqarov, Suvarma sistemləri idarəsinin rəisi Fazil Həsənov, İsmayıllı Tikiş fabrikinin işçisi Jalə Qəhrəmanlı və başqaları çıxış ediblər.
Cari və perespektiv inkişafla bağlı qərar qəbul edilib.