Diyallı "Şahin"ləri finala vəsiqə qazanıb
22 aprel 2016 | 16:00
“Şahinlər” hərbi-idman oyununun aprelin 21-də Şəkidə keçirilən zona birinciliyində Qax və İsmayıllı komandaları uğurla çıxış edərək, yarışların final mərhələsinə vəsiqə qazanıblar.
AZƏRTAC xəbər verir ki, şəhər stadionunda keçirilən zona yarışında Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarını təmsil edən 6 komanda mübarizə aparıb.
Əvvəlcə aprelin əvvəllərində qoşunların təmas xəttində şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışların rəsmi açılış mərasimində Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Elçin Nəcəfov, Təhsil Nazirliyinin nümayəndəsi Mətanət Rzayeva, Şəki şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov və başqaları çıxış edərək, müvafiq nazirliklərin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu oyunların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini ordu sıralarında xidmətə hazırlamaq məqsədi daşıdığını bildiriblər.
Sonra yarışların startı verilib. İlk olaraq komandaların sıra hazırlığının vəziyyəti yoxlanılıb. Tərkibinə 10 oğlan və 4 qız iştirakçının daxil olduğu komandalar daha sonra maneələrin dəf edilməsi, avtomat silahın sökülüb yığılması, hədəfə atəş açma, “yaralı”nın döyüş zonasından çıxarılması, turist çadırının qurulması və digər yarışlarda qüvvəsini sınayıblar.
Yarışların əsasnaməsinə uyğun olaraq, zona mərhələsinin qalibi Qax və ikinci yerin sahibi İsmayıllı komandaları “Şahinlər” hərbi idman oyununun mayın əvvəllərində Bakıda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar. Zaqatala rayonunun təmsilçiləri yarışları üçüncü pillədə başa vurublar.
http://azertag.az/xeber/Qax_ve_Ismayilli_komandalari_Sahinler_herbi_idman_oyununun_finalina_vesiqe_qazaniblar-944948