Komitə sədri vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov aprel ayının 30-da İsmayıllı şəhərində vətəndaş qəbulu keçirib.
Komitənin sədri qəbul öncəsi İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovla bərabər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə tər qızılgüllər düzüb.
Qəbulda İsmayıllı ilə yanaşı Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların qəbulu İsmayıllı şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.
Komitə sədri qəbul müddətində müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların müraciətlərinə baxıb, onların təklif və xahişlərini diqqətlə dinləyib. Qəbula gələn vətəndaşlar əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, torpaq sahələrinin özəlləşdirilməsi, işə qəbul və digər sosial məsələlərlə bağlı müraciət ediblər.
Komitənin səlahiyyətlərinə aid səsləndirilən bir sıra vətəndaş müraciətlərinin dərhal həlli üçün komitənin sədri tərəfindən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bunun nəticəsində qaldırılan bəzi müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həll olunub.
Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah edilib və hüquqi məsləhətlər verilib. Qəbul vaxtı səsləndirilmiş, lakin araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınıb. Vətəndaşlara müraciətlərin nəticələri barədə məlumat veriləcəyi bildirilib. Komitənin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.