“Tour d’Azerbaïdjan-2016”nın ikinci mərhələsi
05 may 2016 | 16:00
Velosiped üzrə Azərbaycanın elit yığmasının və “Synergy Baku Cycling Project” kontinental komandasının üzvü, ölkəmizi “Rio-2016” Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün ikinci mərhələsinin qalibi olub. O, paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 kilometr məsafəni hamıdan tez qət edib.
AZƏRTAC xəbər verir ki, marşrutu 4 saat 29 dəqiqə 45 saniyəyə başa vuran M.Averin bununla da finişi onunla eyni vaxtda keçən 6 nəfərlik qrupda hamını qabaqlayıb. İkinci yerə Avstriyanın “Felbermayr” klubunun üzvü, ötən mövsümü “Synergy Baku”nun heyətində keçirən Markus Eybeger sahib olub. İlk üçlüyü İsveçrənin “Roth” pro-kontinental komandasının üzvü Alberto Çeçin tamamlayıb.
“Synergy Baku”nun digər üzvləri - Matey Müqerli 9-cu, Matiya Kvasina 13-cü, Kiril Pozdnyakov isə 16-cı olublar. Bu nəticə “Synergy Baku”ya komanda hesabında birinci yerə yüksəlməyə imkan verib. Hazırda təmsilçimiz ən yaxın izləyicisi Avstriyanın “Felbermayr” klubunu 1 dəqiqə 1 saniyə qabaqlayır. Ümumi təsnifatda Maksim Averin dördüncüdür.
İki mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini İsrailin “Cycling Academy Team” klubunun üzvü Giliom Buavin ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyinə də yiyələnib. İtaliyanın “Unieuro Wilier” komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyinə, Rusiyanın pro-kontinental “Gazprom-Rusvelo” komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyinə sahib çıxıb.
Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov təqdim ediblər.
Mayın 6-da keçiriləcək üçüncü mərhələdə iştirakçılar Qəbələ Şəhər İcra Hakimiyyətinin qarşısından start götürəcək, Oğuz və Şəki rayonlarının ərazisindən keçəcəklər. Velosipedçilər həmin gün 177,2 kilometr məsafə qət etdikdən sonra başlanğıc nöqtədə mərhələni başa vuracaqlar.